Dövlətin gənclər və idman siyasətinə BAXIŞ - SORĞU

5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Mövzu ilə əlaqədar olaraq SİA idman ictimaiyyəti arasında sorğu keçirib.

Kikboksinq üzrə Dünya və Avropa çempionu, sərhədçi zabiti, mayor Fuad Zeynalov: "Bugünkü gündə Azərbaycan idmanı inkişaf edir və dünyada tanınır. Dövlət başçısı İlham Əliyev digər sahələrdə olduğu kimi idman sahəsinin inkişafı üçün əlindən gələnir edir. Elə bunun nəticəsidir ki, idmançılarımız dünyanın bütün dövlətlərində uğurlar qazanır və Azərbaycan idmanına hörmət qoyulur. Azərbaycan hər yerdə idman ölkəsi kimi tanınır. Həm idmançı, həm də məşqçi kimi deyə bilərəm ki, Azərbaycan idmanı bu gün ən pik dövrünü yaşayır. Bütün idman növlərində uğurlu nəticələr əldə edirik. Bu da sevindirici haldır. Prezident İlham Əliyev daim idmançıların yanında olduğu kimi, biz də hər zaman Onun ətrafında birləşməyə hazırıq. Bütün azərbaycanlı idmançılara uğurlar arzu edirəm".

Futbol mütəxəssisi Aslan Kərimov: "Avropa və dünya çempionatlarında ölkəmiz adına medallar qazandıran idman növlərindən danışası olsaq, idmançılarımızın qazandığı nailiyyətlər bizi sevindirir. Bunları nəzərə alaraq deyə bilərik ki, həmin idman növlərində inkişaf yaxşı gedir. Futbol barədə danışası olsaq, milli komanda səviyyəsində inkişafın o qədər də yaxşı olmaması sözsüz ki, kənardan sezilir. Amma bunun əksinə, klub səviyyəsində olan işlər göz oxşayır. Məsələn, "Qarabağ" FK-nın Avropa Liqasında qrupdan çıxması və mərhələ adlaması inkişafın bir üzüdür. Bundan əlavə, klubların, liqaların sayının artırılması inkişaf üçün ən azından yaxşı bir zəmin yaradır. Təbii ki, idman sahəsində çatışmazlıqlar da var. Akademiyaların vəziyyəti kifayət qədər ürəkaçan deyil. Amma ümid edirik ki, bu nöqsanları gələcəkdə aradan qaldıra biləcəyik. Çünki futbolun inkişafı üçün ilk növbədə akademiyaların inkişafına fikir verməliyik. Düşünürəm ki, bu istiqamətdə addımlar atılır. Sadəcə bu zaman daha detallı iş görmək lazımdır.

Bütün idman ictimaiyyətini 5 Mart Bədən tərbiyəsi və idman günü münasibətilə təbrik edirəm. Tənqid olmasa, inkişaf da olmaz. Məsələyə müxtəlif prizmalardan baxdığımız zaman inkişafın təməlini qoya bilərik. İnanıram ki, biz bunun öhdəsindən gələ bilərik. Çünki bunun üçün kifayət qədər potensialımız var".

Milli komandamızın titullu boksçusu Cavid Çələbiyev: “5 mart münasibəti ilə bütün idmançıları, idman xadimlərini təbrik edirəm və hər bir idmançıya içi özüm qarışıq idman karyeralarında böyük uğurlar arzulayıram. 5 mart idmançılar üçün xüsusi bir günlərdən biridir. Bu günlərdə tanınmış bir idmançı kimi çalışıram ki, məktəblərə, təhsil ocaqlarına gedərək hər bir gəncimizə idmanı və idmanın nə olduğunu aşılayım və onların içlərində idmana həvəsi olan məktəbliləri də idmana yönəldim. Hər bir gəncimiz (istər fiziki, istər mənəvi) möhkəm olmaları üçün idmanla məşğul olaraq sağlam ruhda böyüsünlər və ziyanlı vərdişlərdən uzaq olsunlar”.

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov: “İlk olaraq bütün idmançıların, məşqçilərin idman bayramı mübarək olsun. İdmançılara Avropa və Dünya çempionu olmağı arzu edirəm. Məşqçilərə isə işlərində daha da uğur qazanmağı arzu edirəm. İdmandan kənar olanlara sağlam ruh və daima özlərinə idman etmək üçün vaxt ayırsınlar. Necə deyərlər sağlam bədəndə sağlam ruh olar. Özümə gəlincə, isə fevralın ayının 28-dən etibarən məktəblərdə və idman zallarında master-klas dərsləri keçirəm. Bu mənə xoşdur ki, gənclərimiz məndən örnək alır və nəsə öyrənməyə çalışırlar. Məndən əlimdən gəldiyi qədər hər bir gəncə öz ustalığımla və sözlərimlə həm motivasiya oluram və nəsə öyrətməyə çalışıram".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə