UEFA Millətlər Liqasında millimizin aqibəti necə olacaq? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bir qədər keçmişə qayıdası olsaq, bərabər düşdüyümüz komandalarda demək olar ki, dəyişiklik yoxdur. Doğrudur, biz həm Slovakiyanı, həm İsveç millisini məğlub etməyi bacarmışdıq. Amma bu mərhələdə qələbə qazanmağın asan olacağını düşünmürəm. Çünki istənilən halda bu rəqiblər Azərbaycan millisini artıq daha detallı analiz edəcəklər". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

"Onların potensialı buna imkan verir ki, bizə qalib gələ bilsinlər. Uzunmüddətli dövrü nəzərə alsaq, həmin komandalarla 6 oyun keçirməliyik. Belə olduğu halda düşünürəm ki, birinci yeri əldə etmək bizim üçün çox çətin olacaq. Mümkün olan rəqiblərdən ən çətinləri bizim qrupa düşüb. Onların içində bizim dişimizə bir qədər uyğun olan Estoniya millisidir. Sözün düzü, bu, futboldur və hər şey mümkündür. Qrupdan neçənci çıxacağımızı demək bir qədər çətindir. Onu da nəzərə almalıyıq ki, milli komandamızda yeni baş məşqçi olmalıdır. Həmin baş məşqçinin də komandanı qurmaq və öz üslubunu ortaya qoymaq üçün zamana ehtiyacı olacaq. Bu da bizim üçün mənfi cəhətlərdən biridir. Ona görə də UEFA Millətlər Liqasında Azərbaycan millisinin işi bir qədər çətin olacaq",- deyə mütəxəssis əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə