Azərbaycanın avtomobil bazarında qiymətlər avtomobil sahibi olmaq istəyənlərin hər zaman maraq dairəsindədir. Nəinki avtomobilə sahib olmaq istəyənlərin, hətta hər bir insanın avtomobillərin qiymətləri ilə maraqlandığının mütəmadi olaraq şahidi oluruq. Ölkəmizdə ən qiymətli, ən bahalı avtomobillər barədə bir çoxları maraqlanırlar. Bu baxımdan ölkəmizin avtomobil bazarındakı qiymətlər barədə araşdırma apararaq, qiymətinə görə ilk onluqda qərarlaşan avtomobillərin siyahısını tərtib edib, oxucularımızın diqqətinə çatdırırıq.
Bahalığına görə top onluğun birinci pilləsində mühərrikinin həcmi 6,7 litr olan, 571 at gücünə malik “Rolls-Royce Cullinan” avtomobilidir. Avtomat sürətlər qutusu ilə təchiz olunmuş və yolsuzluq avtomobili olan “Rolls-Royce Cullinan” avtomobili ölkənin avtomobil bazarında 510 min ABŞ dollarına, yaxud, 867 min manata müştərilərə təklif edilir.
Top onluqda bahalığına görə ikinci yeri “Bentley Flying Spur” və “Bentley Mulsanne” avtomobilləri bölüşürlər. Hər iki sedan avtomobili avtomat sürətlər qutusu ilə təchiz edilib və ölkənin avtomobil bazarında 350 min AVRO, yaxud, 722 min manata satılır. Mühərrikinin həcmi 6,0 litr olan, “Bentley Flying Spur” avtomobili 636, mühərrikinin həcmi 6,5 litr olan, “Bentley Mulsanne” avtomobili isə 537 at gücünə malikdir.
Bahalığına görə top onluqda üçüncü yerdə “Bentley Continental” avtomobili qərarlaşıb. Mühərrikinin həcmi 6,0 litr olan, 635 at gücünə malik “Bentley Continental” avtomat sürətlər qutusu ilə təchiz edilib. Bu kupe avtomobili ölkənin avtomobil bazarında 310 min AVRO, yaxud, 640 min manat dəyərindədir.
İlk onluqda qərarlaşan ən bahalı avtomobillər arasında dördüncü yerdə “Mercedes G500” avtomobili durur. Avtomat sürətlər qutusu ilə təchiz olunmuş və yolsuzluq avtomobili olan “Mercedes G500” 350 min ABŞ dollarına, yaxud, 595 min manata satılır. Bu avtomobil 422 at gücündə, mühərriki isə 4,0 litr həcmindədir.
Ölkənin avtomobil bazarında bahalığına görə ilk onluğun beşinci pilləsi “Rolls-Royce Wraith” avtomobilinə məxsusdur. Mühərrikinin həcmi 6,5 litr olan bu avtomobil 624 at gücündədir. Avtomat sürətlər qutusu ilə təchiz olunmuş bu kupe avtomobil ölkəmizin avtomobil bazarında 320,5 min ABŞ dollarına, yaxud, 545 min manata təklif olunur.
Avtomobil bazarında ən bahalı avtomobillərin ilk onluğunda altıncı yerdə olan “Land Rover Range Rover” avtomobili 260 min AVRO, yaxud, 536,5 min manat dəyərindədir. Avtomat sürətlər qutusu ilə təchiz olunmuş, mühərrikinin həcmi 5,0 litr olan bu yolsuzluq avtomobili 565 at gücündədir.
Ən bahalı avtomobillər arasında ilk onluğun yeddinci pilləsində qərarlaşan və mühərrikinin həcmi 6,5 litr olan “Lamborghini Aventador” avtomobili 700 at gücünə malikdir. Bu kupe avtomobili avtomat sürətlər qutusu ilə təchiz edilmiş, ölkə bazarında isə qiyməti 295 min ABŞ dolları, yaxud, 501,5 min manat həddindədir.
Bahalı avtomobillərin ilk onluğunda səkkizinci yerdə “Porsche Taycan Turbo S” qərarlaşıb. Bu elektromobil 761 at gücündədir. Avtomat sürətlər qutusu ilə təchiz edilən bu sedan avtomobilinin ölkəmizin avtomobil bazarında qiyməti 219 min AVRO, yaxud, 452 min manatdır.
Top onluğun ən bahalı doqquzuncu avtomobili “Mercedes-Maybach S 560” hesab olunur. Mühərrikinin həcmi 5,6 litr olan bu sedan avtomobili 470 at gücünə malidir. Avtomat sürətlər qutusu ilə təchiz edilən bu avtomobil 258 min ABŞ dollarına, yaxud, 438,5 min manata müştərilərə təklif olunur.
Nəhayət, ölkədəki bahalı avtomobillərin top inluğunda sonuncu, onuncu yerdə “Aston Martin Vantage” avtomobilidir. Mühərrikinin həcmi 4,0 litr olan bu kupe avtomobili 503 at gücündədir. Avtomat sürətlər qutusu ilə təchiz edilən “Aston Martin Vantage” avtomobili ölkənin avtomobil bazarında müştərilərə 245 min ABŞ dolları, yaxud, 416,5 min manata satılır.
Nəzərə alsaq ki, digər alqı-satqı mübadilələri məkanı kimi avtomobil bazarı da tələb və təklifdən bilavasitə asılıdır, deməli, qiymətlərin, eləcə də sıralamanın dəyişməsi mümkündür. Hər bir halda, yəni, qiymətlərində müəyyən qədər fərqin olmasından və beləliklə də sıralamada yerinin dəyişməsindən asılı olmayaraq sadalanan avtomobillərin Azərbaycanın avtomobil bazarında ən bahalı avtomobillər olması günümüzün reallığıdır.
Avtomobil həvəskarı olan və avtomobilə yiyələnmək istəyən hər kəsə belə avtomobillərə sahib olmağı arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə