“Tərbiyəsizsən”, “tənbəlsən” – bu ifadələr uşağın daxili dünyasına ciddi təsir göstərə bilər" - PSİXOLOQ

“Tərbiyəsizsən”, “tənbəlsən” – bu ifadələr uşağın daxili dünyasına ciddi təsir göstərə bilər" - PSİXOLOQ

"Bu hal valideynlərin çox vaxt fərqinə varmadan etdikləri, amma uşağın daxili dünyasına ciddi şəkildə təsir göstərən davranış formasıdır". Bu sözləri SİA-ya açıqlamasında pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, Valideyn Məktəbi-nin təsisçi-rəhbəri Aysel Rəsulzadə deyib.

Onun sözlərinə görə, “tərbiyəsizsən”, “səndən adam olmayacaq”, “səndən heç nə olmayacaq”, “çox tənbəlsən” kimi ifadələr dəfələrlə işlədilir: "Çox təəssüf ki, bunu yalnız valideynlər deyil, bəzi müəllimlərimiz də edir.

Bu sözlər bir dəfə deyildikdə, təbii ki, uşağı incidə bilər, amma sonradan keçici xarakter daşıyır. Lakin bu ifadələr davamlı şəkildə təkrarlananda artıq problem yaranır. Uşaq ilk dəfə düşünür ki, “mən səhv etdim”. Amma bu sözlər davamlı deyildikdə, artıq “yox, mən səhvin özüyəm” deyə düşünməyə başlayır. “Mən doğrudan da tərbiyəsizəm, məndən doğrudan da heç nə olmayacaq” fikri uşağın psixologiyasına oturduqdan sonra şüuraltı səviyyədə özünü göstərməyə başlayır və uşaq həmin davranış formasını nümayiş etdirir.

Məsələn, valideyn uşağa “sən tənbəlsən” deyir. Halbuki uşaq hansısa tapşırığını etməyibsə, onun əvəzinə “Bu gün tapşırığını etməmisən, gəl bunun səbəbini birlikdə tapaq” demək olar. Artıq burada valideyn uşağın davranışına deyil, şəxsiyyətinə hörmət etdiyini göstərir. Uşaq da hiss edir ki, valideyni onu şəxsiyyət kimi formalaşdırmağa çalışır və bunun üçün ona dəstək olur.

Eyni şey “dəcəl” sözünə də aiddir. Uşaq yerində dayanmırsa, qaydanı pozursa, oynayırsa, atılıb-düşürsə, biz deyirik ki, “çox dəcəl­sən”. Yenə də bayaq qeyd etdiyimiz ifadələr səsləndirilir. Halbuki valideyn deyə bilər ki, “Başa düşürəm, oynamaq istəyirsən, dəcəllik edirsən, amma bu davranışın düzgün deyil”. Burada konkret olaraq davranışın adı çəkilir və həmin davranışın düzgün olmadığı izah edilir.

Məktəbdən müəllim şikayət edirsə, hər hansı davranışla bağlı uşağa “Sən bilirsən axı, sinifdə başqalarının dərsinə də mane olur sənin bu hərəkətin” demək olar. Müəllim özü də bunu bu formada ifadə edə bilər.

Çünki uşaqlar, xüsusilə də kiçik yaşlarında, valideynin və müəllimin dediklərini özləri haqqında həqiqət olaraq qəbul edirlər. Davamlı şəkildə vurulan etiketlər zamanla uşağın şəxsi etiketinə çevrilir və uşaq bunu özü kimi qəbul etməyə başlayır. Bu isə onun özünəinamına, motivasiyasına və sosial münasibətlərinə çox ciddi şəkildə təsir göstərə bilər.

Hətta bəzən maraqlı bir vəziyyət yaranır: valideyn uşağa “sən bacarmırsan” deyə-deyə, uşaq həqiqətən artıq bacarıqsız biri olduğuna inanmağa başlayır. İstədiyi işdə cəhd etməkdən belə əl çəkir və düşünür ki, “onsuz da mən tənbələm, onsuz da mən bacarıqsızam”.

Amma burada başqa bir təhlükə də var. Uşağı heç vaxt təhqir etməməliyik. Tənqid mütləqdir, çünki tənqid uşağın şəxsiyyətinin inkişafına təsir edir. Təhqir isə şəxsiyyəti zədələyir.

Uşağın hər davranışını qəbul etmək tərbiyə deyil. Onun səhv davranışının nəticəsini izah etmək lazımdır. Məsələn, “sən tərbiyəsizsən” demək əvəzinə, “müəllimlə bu cür danışmaq düzgün deyil” demək lazımdır. “Sən tənbəlsən” demək əvəzinə isə “tapşırığı vaxtında etməmisən, gəl birlikdə edək” demək olar. Əsas məsələ uşağın niyə belə davrandığının səbəbini öyrənməkdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə