"Bakı Metropolitenində könüllülər də fəaliyyətə cəlb olunub" - Bəxtiyar Məmmədov

"Bakı Metropolitenində könüllülər də fəaliyyətə cəlb olunub" - Bəxtiyar Məmmədov

“Hazırda Bakı Metropoliteninin yeni tarixi dövrə qədəm qoyduğunu deyə bilərik. Artıq xətlər üzrə müstəqil hərəkət təşkil olunur”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında deyib.

O bildirib ki, hazırda Qırmızı xətt üzrə qatarların hərəkəti əvvəlki qaydada “İçərişəhər–Həzi Aslanov” istiqamətində təmin olunur və “28 May” stansiyası normal iş rejimində fəaliyyət göstərir.

B.Məmmədov qeyd edib ki, Yaşıl xətt üzrə isə “Dərnəgül–Nizami” istiqamətində qatarların hərəkəti təşkil olunub.

“Bu ana qədər sərnişin axını ilə bağlı bütün məsələlər nəzarət altındadır və vəziyyət qaydasındadır. Bakı Metropolitenində könüllülər də fəaliyyətə cəlb olunub. Eyni zamanda, gücləndirilmiş iş rejimi şəraitində əlavə işçi qüvvəsi ayrılıb”, – deyə o vurğulayıb.

Qurum rəsmisi bildirib ki, stansiyaların girişində sərnişinlərə müvafiq məlumat dəstəyi göstərilir və onların istiqamətləndirilməsi həyata keçirilir.

Onun sözlərinə görə, sərnişinlərə həm ekspress marşrut avtobusları, həm də Bakı Metropoliteninin hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar təqdim olunur.

B.Məmmədov əlavə edib ki, qarşıdakı dövrdə Bakı Metropolitenində müvafiq monitorinqlər aparılacaq.

“Həm texniki məsələlər, həm sərnişin axını, həm də sərnişinlərə xidmətlə bağlı bütün istiqamətlər üzrə vəziyyət diqqətdə saxlanılacaq və zərurət yarandığı halda əlavə tədbirlər həyata keçiriləcək”, – deyə o bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə