“Dərs prosesində fərqlilikləri izah edərkən dəyərləri də öyrətməliyik” - Vəfa Yaqublu
“Azərbaycanda dini tolerantlıqdan çox danışılır və bu doğrudur. Lakin bizi – təhsil işçilərini – maraqlandıran əsas məsələ bu tolerantlığın gündəlik dərs prosesində necə istifadə olunması, fərqliliklərin necə izah edilməsi və dəyərlərlə necə əlaqələndirilməsidir. Məktəblərdə fərqləri öyrədərkən hətta onların arxasında duran dəyərləri də şagirdlərə aşılamalıyıq". SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət agentliyinin direktor müavini Vəfa Yaqublu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransın panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dərsdə öyrənmə iki formada həyata keçirilir: reaktiv və spontan:
Reaktiv öyrənmə – müəllim proqramda nəzərdə tutulan mövzunu öyrədir və çərçivədən çıxmır.
Spontan öyrənmə – dərs zamanı uşaqlarda yaranan suallardan çıxış edərək dərsi yönləndirmək bacarığıdır.
Vəfa Yaqublu nümunə ilə izah edib: “Fizika dərsində qanun öyrədilərkən uşaq çöldə bir adamın xaç çıxardığını görüb soruşursa, müəllim ona iki dəqiqə vaxt ayıraraq izah etməli, marağı təmin etməli və mövzudan uzaqlaşmamalıdır".
O, həmçinin “5 niyə” metodunu tövsiyə edib: “Bu metod uşağın verdiyi sualların kökünə enməyə və onu öz daxili dünyasına yönləndirməyə xidmət edir. Uşaq bir davranışın səbəbini izah etdikcə müəllim dəfələrlə ‘niyə?’ sualını verərək əsas səbəbə çatır, bu isə uşağın özünü daha dərindən tanımasına kömək edir".
Direktor müavini vurğulayıb ki, tarix sübut edir ki, din savadlılığı təşviq edən mütərəqqi gücdür: “Azərbaycan təhsil tarixi Zərdüştlük dini dövründən başlayır, İslam dini isə bu prosesi mədrəsə formasında davam etdirib. Beləliklə, Azərbaycanda təhsil və mədəniyyət məhz dinin təsiri altında formalaşıb və bu günə gəlib çatıb".
Vəfa Yaqublu əlavə edib ki, din və elmi dünyagörüşü bir-birinə zidd deyil, hər ikisi insanı və dünyanı anlamağa çalışır, yalnız yanaşmaları fərqlidir. “Hər əsr öz yanaşması ilə bu prosesi davam etdirir və onlar bir-birini inkar etmir,” – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB