"2 fevral Gənclər gününün yaradıcısı Heydər Əliyevdir. O 1996-cı il 2 fevral tarixində gənclərlə böyük görüş keçirdi və Ulu Öndər Azərbaycan gəncləri qarşısında bir saatdan çox çıxış etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin gələcək fəaliyyətini, gələcəyə baxışını, cizgilərini cızmış oldu və 1997-ci ildə 2 fevral gününü "Azərbaycan gənclər günü" kimi qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Amma gənclərə qayğı, diqqət, onların fəaliyyətini olan strategiyanın təməli 1994-cü ildə yaradıldı. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında hakimiyyəti dövründə yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu. Nazirliklərin içində ilk olaraq bu nazirliyin yaradılması Ulu Öndərin Azərbaycan gəncliyinə, gələcəyinə baxışı özündə əks etdirirdi. Heydər Əliyevin bu siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirdi və ölkə başçımızın müvafiq sərəncamları ilə bir neçə Azərbaycan gəncliyi üçün proqramlar, Azərbaycan gəncliyinin milli strategiyası barəsində qanunlar qəbul edildi". Bu sözləri Azərbaycan Respublikası Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, gəncliyə bu qədər önəm verilir: "Həmçinin Azərbaycanda gənclər fondu yaradıldı və bu fond gənclərin fərdi layihələrini özlərinin təsdiq etmələri üçün onlara dövlət dəstəyinin, eyni zamanda gənclərin ideyalarının dəstəklənməsi üçün onlara fonddan istifadə edilməsi şəraitinin yaradılması, dövlət vəzifələrində irəli çəkilməsi, milli ruhda, milli mənəvi dəyərlərimizə hörmət uğrunda, vətənpərvərlik, vətəndaşlıq tərbiyəsində, onların həyatımızın bütün sahələrindəki fəaliyyətlərində dövlətin dəstəyi dediklərimizə bariz nümunədir.
Vətənpərvər böyüyən Azərbaycan gənci, 44 gün vətən müharibəsində öz sözünü bütün dünyaya dedi.
Onlar öz qəhrəmanlığını, şücaətini, torpağını sevmək, ustad dərsini bütün dünyaya göstərmiş oldu və torpağa bağlılıq, milli ruhda tərbiyə Azərbaycan gəncliyinin bugünkü müasir simasıdır. Gənclərimiz həm təhsildə, həm idmanda, həm də mədəniyyət incəsənət,elm və digər sahələrdə bugün çox şərəflə ölkəmizi təmsil edirlər. Təbii olaraq öz bünövrəsini 1994-cü ildən bəri və 1997-ci ildə imzalanan sərəncamla 2 fevralı öz bayramları kimi qeyd edən Azərbaycan gəncləri bugün qürurudur".
Deputat həmçinin bildirib ki, bugün Azərbaycan gənci ölkə başçısının ətrafında yumruq halında birləşmiş haldadır, onlar üzərində olan məsuliyyəti yaxşı dərk edir: "Azərbaycan gəncləri yalnız meydanda, idman binalarında yox, elm, bilik olimpiyadalarında da, təhsildə də yeni innovasiyaların ölkəmizə gətirilməsində, onun istifadə olunmasında da öncül yerdədirlər. Düşünürük ki, 2 fevral Gənclər günü Azərbaycan gənclərinin haqq etdiyi bayramdır və Ulu Öndərin gəncliyimizə bəxş etdiyi bu bayram nə qədər Azərbaycan, gəncliyimiz var olduqca daim qeyd olunacaq. Bu yalnız 2 fevralda yox, Azərbaycan gənci hər zaman dövlətin ölkə başçısının onlara göstərdiyi etimadı doğrultmaq üçün var gücləri ilə çalışacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə