"XXI əsrin insanı mediatik və mediasavadlı olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır. Bildiyiniz kimi, “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədrinin müavini Vüqar Zifəroğlu deyib.

O bildirib ki, media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir: "İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə 21-ci əsr insanı mediatik və mediasavadlı olmalıdır.

Azərbaycanda bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Lakin ümumilikdə media savadlılığı hələ də geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyllidir. Bu, bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur.

Media savadlılığının tədrisinin yuxarı sinif təhsil proqramına əlavə edilməsi bu istiqamətdə müsbətə doğru ciddi dönüş yarada bilər. Xatırlatmaq istərdim ki, bununla əlaqədar qardaş Türkiyənin müvafiq təcrübəsini öyrənməkdə fayda var. Eyni zamanda Media İnkişaf Agentliyinin, Azərbaycan Mətbuat Şurasının cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün gördüyü işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Unutmayaq ki, media savadlılığı, insanlar üçün gündəlik həyatlarında medianın və məlumatın rolunu anlamaq və ondan faydalı şəkildə istifadə etmək üçün vacibdir. Bu bacarıq həm də sosial və mədəni olaraq daha məlumatlı və məsuliyyətli cəmiyyətin formalaşmasına kömək edir".

"Media savadlığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır. Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır. İnformasiya savadlılığı, jurnalistlərin informasiya ilə işləmək bacarığını, bu prosesin müxtəlif istiqamətlərini özündə ehtiva edir, müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək və effektiv istifadə etmək bacarığıdır. Bu bacarıq, jurnalistin doğru məlumatı tapmasına, mötəbər mənbələri seçməsinə və bu məlumatları analitik şəkildə qiymətləndirməsinə kömək edir. İnformasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır" - deyə o, əlavə edib.

https://medialiteracy.media.gov.az

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə