Sənədsiz evlərin aqibəti necə olacaq? - RƏYLƏR

Sənədsiz evlərlə bağlı məsələ zaman-zaman gündəmə gəlsə də, amma hələ ki problem öz həllini tapmayıb. Proses yubana-yubana gedir. Əslində, sakinlərin əlində bələdiyyələrdən, İcra hakimiyyəti orqanlarından, eləcə də kommunal xidmətlərin göstərilməsi ilə bağlı xeyli sənədlər olsa da, çarəsizdirlər. Bəs, bu sənədsiz evlərin aqibəti necə olacaq? SİA mövzu ilə bağlı ekspertlərin rəyini alıb.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov: “Ölkədə özbaşına tikililərin sayı 400 mindən yuxarıdır. Azərbaycan Prezidentinin 2011-ci ildə verdiyi göstəriş əsasında komissiya yaradıb. Hansı ki bu komissiya bölgələrdə özbaşına tikililərin inventarlaşmasını aparıb. Əldə edilən məlumata görə, həmin özbaşına tikililərin yarısı 2020-ci ilədək inventarlaşmadan keçib. Amma qalan yarısının sənədləşməsindən bugünədək məlumat yoxdur. Vətəndaşla bələdiyyələr arasında alqı-satqı aktı var. Bunu isə dövlət reyestr xidməti qəbul etmir. Çünki həmin sənədlər bələdiyyələrin arxivində yoxdur. Əgər həmin evlər heç bir mühafizə zolağında yerləşmir, təhlükə ocağında deyil, müəyyən olunmuş tikinti standartlarına uyğundursa, onu sənədləşdirmək lazımdır. İlk mərhələdə bu qeyd etdiyim kriteriyalara uyğun gələn evlərin sənədləşdirilməsi həyata keçirilməlidir. Problemli evlər haqqında isə ayrıca qərar qəbul etmək lazımdır. Həmin evlərdə yaşayan vətəndaşları köçürmək lazımdır”.

Hüquqşünas Əkrəm Həsənov: “Məlumdur ki, bələdiyyələr illərdir evlərin tikilməsinə razılıqlar verib. Amma indi dövlət həmin evləri qanuni saymır. Ona görə də həmin evlərin sənədləşdirilmə prosesi baş tutmur. Halbuki Azərbaycana məlumdur ki, heç kim dövlət orqanlarının, yerli icra hakimiyyətinin xəbəri olmadan ev tikə bilməz. Əgər bir ev tikilibsə, deməli bələdiyyənin bundan məlumatı olub. Bələdiyyənin də məlumatı yoxdursa, bu, dövlət orqanlarının buraxdığı bir səhvdir. Vətəndaşlar belə problemlərə görə əziyyət çəkməməlidir. Dövlət orqanlarının etinasızlığı nəticəsində belə sənədsiz evlər tikilib. Əgər dövlət bu evləri tanımasa, Azərbaycanda heç vaxt sənədsiz ev problemi həll olunmayacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə