210-dan çox tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir

Ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yeri tutması bu sahəyə xüsusi diqqət ayrılmasını tələb edir. Çünki bütün dünyada olduğu kimi ölkəmizdə də qeyri-infeksion xəstəliklər arasında ürək-damar xəstəlikləri vaxtsız ölümlərin əsas səbəblərindəndir. İcbari tibbi sığortanın xidmətlər zərfi tərtib edilərkən əsas götürülən prinsiplərdən biri də əlillik və ölüm riski yüksək olan xəstəliklərin sığorta ilə əhatə edilməsi olub. Ürək-damar xəstəliklərinin müayinə və müalicəsi, xüsusilə də dəyəri yüksək olan açıq ürək əməliyyatları icbari tibbi sığorta ilə qarşılanır. Hazırda ürək-damar xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı 210-dan artıq tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir. Buraya aorta koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, minimal invaziv üsullar və bir sıra kardiocərrahi əməliyyatlar daxildir. SİA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli "Kardioonkologiya: Problemə müasir baxışlar" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

İcbari tibbi sığortanın tətbiqi nəticəsində bir çox tibbi xidmətin hər kəs üçün əlçatan olduğunu deyən departament rəhbəri qeyd edib: "2020-ci ildə icbari tibbi sığorta çərçivəsində invaziv radiologiya xidmətləri almış vətəndaşların sayı 1424-ə bərabər idisə, 2021-ci ildə 10 min 793 nəfər olub. Ötən il isə həmin rəqəm 29 min 615-ə çatıb. Ürək cərrahiyyəsi üzrə xidmətlərdən 2020-ci ildə 1232, 2021-ci ildə 8 min 147, ötən il isə 18 min 181 nəfər yararlanıb. Uşaq cərrahiyyəsi üzrə rəqəmlər illərə müvafiq olaraq 76, 283, 331 təşkil edib.

Bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin əməliyyatlar bir neçə tibb müəssisəsində yerli cərrahlar tərəfindən uğurla həyata keçirilir.

Bir yeniliyi də xüsusi olaraq vurğulamaq istərdim ki, agentliyin dəstəyi ilə ilk dəfə olaraq TƏBİB-in tabeliyində olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasında invaziv kardiologiya ürək-damar cərrahiyyəsi şöbəsi açılıb. Gələcəkdə digər regionlarda da belə mərkəzlərin açılması planlaşdırılıb. Həmin mərkəzlərdə xaricdə təhsil alıb qayıdan azərbaycanlılar da fəaliyyət göstərəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə