Qarabağa daşınan erməni əsgərləri - ŞƏRH

Ermənistandan Qarabağa yenidən əsgərlərin gəlməsinə dair məlumatlar yayılıb. Verilən məlumatlara görə, şəxsi heyət 12 "Kamaz”, 3 "Ural” və digər yük maşınları ilə rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobilləri ilə Qarabağa keçir. Məlum məsələdir ki, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb.

Proses ötən ilin noyabr-dekabr ayında keçirilən anti-terror əməliyyatindan sonra bir qədər səngidi. İndi yenidən aktivləşmə var və bu, Ermənistanın atacağı addımlardan da xəbər verir. 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına qarşı çıxacaqları təqdirdə sərhədlərin delimitasiyası prosesinin qarşısını almaq məqsədilə Qarabağda ikinci təxribat cəbhəsini aça bilərlər.

Burada diqqətçəkən əsas məqam sülhməramlıların missiyasını yerinə yetirmədiyini təsdiq edən informasiyanın Lavrovun Bakıya zəngindən sonra yayılmasıdır. Buna isə bir neçə səbəb ola bilər. Sergey Lavrov Ceyhun Bayramov danışıqları ürəkaçan olmayıb. Belə ki, telefon zənginin Stanislav Zasın İrəvanda KTMT-nin sərhəd məsələsinə müdaxilə mexanizmlərini müzakirə etdiyi vaxt edilməsi də Moskvanın "yeni təkliflər" irəli sürdüyü ehtimalını önə çıxarır.

İkinci mümkün bir səbəb isə, Ceyhun Bayramov üçtərəfli razılaşmaların icrası, xüsusilə erməni qoşunlarının çıxarılmasını nəzərdə tutan 10 noyabr bəyanatının 4-cü bəndi ilə bağlı Lavrovdan lazımi cavab almayıb. Beləliklə, bununla da Bakı Moskvaya "rus sülhməramlıları bölgədə missiyasını yerinə yetirə bilmir” mesajını ötürür. Məlum olduğu kimi Rusiya erməni qoşunlarının çıxarılması şərtini yerinə yetirmək əvəzinə, yeni əsgərlərin gəlişinə şərait yaradır.

Bu yöndə rəsmi Bakının əsas istəklərindən biri də Türkiyənin sülhməramlı kontingentində fəaliyyətinin genişləndirilməsidir. İlham Əliyev-Vladimir Putin görüşündə bu məsələnin qaldırıldığı versiyasını da qeyd etmişdik. Görünür ki, bu yöndə müsbət razılaşma olmayıb. İstəyimizə nail olmaq üçün bu tip informasiyalar ilə antiterror əməliyyatı variantı gündəmə gətirilir. Ötən il olduğu kimi yenidən kiçikçaplı əməliyyatların keçirilməsi də istisna deyil. Beləliklə, medya orqanları kimi bizim də borcumuz bu məlumatları işıqlandırmaq, xalqı bu barədə marifləndirməkdir. Yalnız bu cür xalqımız bu məsələni aktuallaşdıraraq Rusiyanın siyasəti ilə barışmaz olduğunu ortaya qoya bilər.

Ali Baş Komandanın isə bu məsələlər barədə də planları olduğundan əmin olmaq olar. Hesab etmək olar ki, kifayət qədər uzaqgörən siyasi səriştəyə sahib olan Prezidentimiz İlham Əliyevin siyasi gedişləri artıq nəzərdə tutulub. Buna görə də xalq olaraq səbrli davranıb dövlətimizin arxasında olmalıyıq. Həm xalq həm də ordu olaraq heç bir provakasiyaya getməməliyik. Yalnız bu cür öz haqq yolumuzu uğurlu bir şəkildə tamamlaya bilərik.

Digər tərəfdən əsgərlərin daşınması ilə bağlı xəbərlərin provakasiya məqsədli dezinformasiya olması ehtimalı da var. Çoxumuza məlumdur ki, Rusiya tərəfi hətta həddindən dəfələrlə artıq vaksini Qarabağa gətirmişdi. Buradakı məqsəd həm ərazidəki ermənilərin sayını şişirtmək, həm də “yeyinti”ləri çoxaltmaqdır. Öz korrupsiya həvəsi ilə ad qazanmış rus hərbçisi Qarabağda da oxşar fəaliyyətlə məşğuldur. Azərbaycan tərəfi isə qısa müddətdə bu yöndə tədbirlərin görülməsini tələb edir. Əks təqdirdə heç bir əməkdaşlıqdan və üçtərəfli razılaşmadan söhbət gedə bilməz.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə