Qənirə Paşayevanın müəllifi olduğu “Tarixə adını yazan qadınlar” kitabının təqdimat mərasimi keçirilib

Qənirə Paşayevanın müəllifi olduğu “Tarixə adını yazan qadınlar” kitabının təqdimat mərasimi keçirilib
Bu gün millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın müəllifi olduğu "Tarixə adını yazan qadınlar" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, tanınmış ictimai-siyasi xadimlər və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fəlsəfə elmlər doktoru Rəna Mirzəzadə kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, bu kitab Azərbaycan cəmiyyətində əhəmiyyətli mövqe tutan qadınlar üçün mühüm bir töhfədir. Onun sözlərinə görə, üç cilddən ibarət olan kitabda ayrı-ayrı əməli fəaliyyət sahələrində böyük işlərə, "ilk"lərə imza atan, tarixin müxtəlif dövrlərində yaşayan 100 ünlü qadının həyat və fəaliyyətləri haqqında oçerklər toplanıb: "Buraya Azərbaycan tarixində mühüm yer tutan 3 qadının da adı salınıb. Bunlar Tomris, Sara Xatun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Kitabın I cildinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, II cildinə Latviyanın sabiq prezidenti Vaire Vike Freiberqa və kitabın məsləhətçisi Aybəniz Turan, III cildinə isə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ön söz yazıb. Nəşrin redaktoru Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalıdır. Əsərin hər üç cildi ümummilli lider Heydər Əliyevin qadınlarla bağlı tarixi kəlamları ilə başlayır".

Tədbirin davamında çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova söyləyib ki, Azərbaycan cəmiyyətində qadınlar hər zaman öz sözlərini deyib və böyük nüfuz qazanıblar. Onun fikrincə, qadın üçün bu pillələri keçmək, öz sözünü demək çətin və mürəkkəb bir addımdır: "Belə bir kitabı yazmaq böyük istedad və məsuliyyət tələb edir. Kitabı hər kəs yaza bilər, ancaq onu bu tərzdə təqdim edərək ictimaiyyətə yüksək səviyyədə çatdıra bilməz. Azərbaycan qadınları hər zaman öz biliyi, istedadı və ailəyə bağlılığı ilə fərqlənir. Son dövrlər prezidentin apardığı siyasət nəticəsində qadın siyasəti güclənib. Bu inkişaf imkan yaradır ki, cəmiyyətdə qadınların sayı və rolu artsın".

Tədbirin davamında çıxış edən kitabın müəllifi, millət vəkili Qənirə Paşayeva Azərbaycanın qadın hüquqlarının qorunmasında inkişaf etmiş ölkələr sırasında olduğunu deyib. Onun sözlərinə görə, dünyanın bir çox yerlərində görürük ki, qadınlar istənilənlərə nail ola bilməyib. Ancaq XX əsrdən qadınlar müəyyən hüquqlar əldə edib. Tarixə nəzər saldığımız zaman şahidi olarıq ki, onlar tarixdə mühüm rol oynasa da, bəziləri haqqında çox az məlumatlar olub. Ancaq onlar tarixdə mühüm rol, çox böyük uğurlar əldə ediblər. Dünyada bütün çətinliklərə baxmayaraq, tarixdə özünə yollar açan qadınlar haqqında kitab yazdım. Burada 100 qadın haqqında məlumatlar toplanıb. Məqsədimiz odur ki, ən azı 100 qadın bu kitabdan özü üçün örnək götürsün. Bu kitab ancaq qızlar üçün nəzərdə tutulmayıb, həmçinin kişilər, atalar və qardaşlar da bu kitabdan örnək kimi istifadə edə bilərlər".

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura isə çıxışında bildirib ki, cəmiyyətdə hər zaman qadınlarla kişilər arasında müəyyən fərqlər var. Onun fikrincə, xalqın yarısını təşkil edən Azərbaycan qadınlarının daha üstün mövqe tutması daha məqsədəuyğun olardı.

Tədbirin davamında çıxış edən millət vəkilləri Rəbiyyət Aslanova, Elmira Axundova, xalq şairi Zəlimxan Yaqub və başqaları bütün qadınları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edib. Onlar bu kitabın hazırlanmasının cəmiyyətimiz üçün böyük örnək olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə