Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri AŞPA Prezidentinə məktub göndərib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri AŞPA Prezidentinə məktub göndərib

Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 16 oktyabr 2010-cu il tarixdə erməni diasporasından olan jurnalistlərlə görüşündə Ermənistan prezidenti Serj Sarkisyanın azərbaycanlıların və ermənilərin etnik cəhətdən uyğunsuzluqları haqqında bəyanatına cavab olaraq AŞPA-nın Prezidenti Mövlud Çavuşoğluna məktub göndərib.

SİA-nın məlumatına görə, məktubda S. Seyidov sözügedən bəyanatda Ermənistan prezidentinin erməni xalqının digər xalqlardan, həmçinin "köçəri türk – müsəlman tayfaları" adlandırdığı azərbaycanlılardan daha üstün səviyyədə olduğunu göstərməsini bunun Ermənistanın açıq-aşkar irqçilik ideologiyasının və dini xurafatın bariz nümunəsi kimi xarakterizə edib.

Məktub müəllifi Ermənistanın yüksək vəzifəli məmurlarının açıq-aşkar biabırçı etnik diferensasiya fikirlərinə əsaslanan, beynəlxalq hüquqi prinsiplərə, həmçinin bəşəriyyətin mənəvi və əxlaqi prinsiplərinə zidd bəyanatlar səsləndirməsinin ilk dəfə olmadığını xatırladaraq Ermənistanın əvvəlki prezidenti Robert Koçaryanın "erməni və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə bəyanatının haqlı olaraq beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olduğunu bildirib.

S. Seyidov Ermənistanın Azərbaycan Respublikasının ərazilərinin qanunsuz işğalına son verməyə, onun qonşu xalqlara olan ərazi iddialarından əl çəkməkdən başqa alternativ variantının olmadığını da məktubuna əlavə edib.

Məktubunun sonunda S. Seyidov AŞPA Prezidentinin qeyd edilən məsələnin inkişafını yaxından izləyəcəyinə və AŞPA üzv-dövlətləri üçün münasib olmayan bu cür hərəkətlərin və bəyanatların qarşısını almaq üçün müvafiq tədbirlərin görüləcəyinə inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə