TDT Sammitində Azərbaycanı XİN başçısının təmsil etməsini qarşılıqlı prinsip əsasında qiymətləndirmək lazımdır" - Bəhruz Quliyev

TDT Sammitində Azərbaycanı XİN başçısının təmsil etməsini qarşılıqlı prinsip əsasında qiymətləndirmək lazımdır" - Bəhruz Quliyev

"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılıq prinsipi baxımından qiymətləndirmək lazımdır". Bunu SİA-ya açıqlamasında "Səs" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Bəhruz Quliyev deyib.

Baş redaktor xatırladıb ki, 2024-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməmiş, ölkəsini vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi: "2026-cı ildə Bakıda keçirilən beynəlxalq tədbirlərdə də Türkiyə Prezidentini ayrı-ayrı hallarda hökumət üzvləri təmsil ediblər. Əlbəttə, hər bir dövlət başçısının öz iş qrafiki və rəsmi öhdəlikləri var. Buna görə də belə qərarları avtomatik olaraq siyasi münasibətlərin göstəricisi kimi qiymətləndirmək düzgün deyil. Əsas məsələ ölkənin beynəlxalq tədbirdə təmsil olunması və əməkdaşlığın davam etdirilməsidir".

B.Quliyev qeyd edib ki, diplomatiyada qarşılıqlı hörmət və anlayış birtərəfli deyil, qarşılıqlı olmalıdır. Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar. Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu üzvlərindən biridir və Türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Ona görə də ayrı-ayrı tədbirlərdə təmsilçilik səviyyəsindən daha vacib olan məsələ ortaq maraqların qorunması və strateji əməkdaşlığın davamlı inkişafıdır. İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı hörmət, bərabər yanaşma və ortaq maraqlar əsasında bundan sonra da möhkəmlənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə