Azərbaycanın qətiyyətli mövqeyi və bərpa olunan tarixi ədalət - MƏQALƏ

Azərbaycanın qətiyyətli mövqeyi və bərpa olunan tarixi ədalət - MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər xalqımızın keçdiyi tarixi yolu, ədalət uğrunda mübarizəsini və milli iradəsini bir daha nümayiş etdirdi. Dövlət başçısının “Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik” fikri Azərbaycanın ədalətin bərpasına yönəlmiş qətiyyətli mövqeyini ifadə edir.​​​​​​​​​Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşdi. Bir milyona yaxın azərbaycanlı doğma yurdlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi və dini abidələrimizə ciddi ziyan vuruldu. Beynəlxalq hüququn norma və prinsipləri, insanların ən fundamental hüquqları kobud şəkildə pozuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr uzun illər icrasız qaldı. Belə bir şəraitdə Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmaq, ərazi bütövlüyünü bərpa etmək və pozulmuş ədaləti təmin etmək əzmindən dönmədi.​​​Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün uzun müddət danışıqlarda iştirak etdi. Lakin nəticəsiz qalan proses və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi problemin həllini daha da çətinləşdirdi. Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, Azərbaycan xalqı işğal və hüquqsuzluq şəraitində əbədi yaşamağa məhkum deyildi. Dövlətimiz BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq tarixi ədalətin bərpası istiqamətində qətiyyətli addımlar atdı.​​2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyət xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin siyasi iradəsinin təntənəsi idi. Azərbaycan öz torpaqlarını azad etməklə yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, milli ləyaqətini və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini bütün dünyaya nümayiş etdirdi.​​​​Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın müharibədən sonra sülhə üstünlük verməsi idi. Ölkəmiz yeni müharibələrə yol açmaq deyil, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını hədəfləyir. Bu yanaşma Azərbaycanın güclü dövlət olmaqla yanaşı, regionun gələcəyinə məsuliyyətlə yanaşdığını göstərir. Ədalətin bərpası ilə kifayətlənməyən Azərbaycan qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan münasibətlərin qurulmasını vacib hesab edir.​​​​​​​​​Prezident İlham Əliyevin fikirləri bir daha təsdiqləyir ki, heç bir xalq öz fundamental hüquqlarının pozulması, torpaqlarının işğal altında qalması və milli iradəsinin nəzərə alınmaması ilə barışmağa məcbur deyil. Azərbaycanın təcrübəsi göstərdi ki, milli birlik, qətiyyətli siyasət və məqsədyönlü fəaliyyət sayəsində ən mürəkkəb problemlərin həllinə nail olmaq mümkündür.​​​​​​​​​​Bu gün Azərbaycan öz gələcəyini müstəqil şəkildə müəyyən edən, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi inkişaf yolunu davam etdirir. Ölkəmizin qazandığı tarixi Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə azadlığın, birliyin və Vətənə sədaqətin əhəmiyyətini aşılayacaqdır. Prezident İlham Əliyevin Forumdakı çıxışı isə bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğal və hüquqsuzluqla barışmayıb, öz haqqını müdafiə edib və bu gün gələcəyə sülh, təhlükəsizlik və inkişaf naminə inamla addımlayır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə