Bakı noyabr ayında dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində beynəlxalq müzakirələrə ev sahibliyi edəcək. “ASAN xidmət” və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkil edəcəyi sammitdə idarəetmə islahatları, innovativ dövlət xidmətləri və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev sammitin mahiyyəti, planlaşdırılan tədbirlər və hazırlıq prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, sammit 2024-cü ildə Azərbaycan hökuməti ilə BMT arasında imzalanmış sazişin icrası çərçivəsində təşkil olunur. Tədbirdə BMT-yə üzv olan 70-dən çox ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir. İştirakçılar “ASAN xidmət” modeli ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Məhəmmədəli Xudaverdiyev qeyd edib ki, dövlət xidmətlərinin göstərilməsi və idarəetmə sahəsində islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindəndir. “ASAN xidmət” modelinin BMT tərəfindən təşviq edilməsi Azərbaycanın bu sahədəki təcrübəsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
O vurğulayıb ki, sammitdə dövlət xidmətlərinin göstərilməsi sahəsində Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB