Qeyri-neft sektorunun inkişafı üçün özəl sahibkarlıq gücləndirilməlidir - EKSPERT DANIŞDI

Qeyri-neft sektorunun inkişafı üçün özəl sahibkarlıq gücləndirilməlidir - EKSPERT DANIŞDI

Azərbaycanın qeyri-neft sektorunu gücləndirmək üçün iqtisadiyyatın xammal və dövlət investisiyalarından asılılığı azaldılmalı, özəl sektorun inkişafına şərait yaradılmalıdır. Bunun üçün kənd təsərrüfatında məhsuldarlıq artırılmalı, emal sənayesi genişləndirilməli, yerli istehsalçılara əlverişli maliyyə imkanları yaradılmalı və ixracın coğrafiyası şaxələndirilməlidir.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd yalnız daha çox məhsul istehsal etmək deyil, həmin məhsula ölkə daxilində əlavə dəyər qazandırmaqdır:

”Xammal ixracı əvəzinə hazır məhsul istehsalının genişləndirilməsi daha çox gəlir əldə etməyə və yeni iş yerlərinin yaradılmasına imkan verə bilər.

Akif Nəsirli qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı da prioritet istiqamətlərdəndir. Sahibkarların kreditlərə çıxışı asanlaşdırılmalı, maliyyələşmə xərcləri azaldılmalı, biznes fəaliyyətinə mane olan inzibati əngəllər aradan qaldırılmalıdır. Eyni zamanda, sağlam rəqabət mühiti gücləndirilməli, dövlət layihələrində yerli şirkətlərin iştirak imkanları şəffaf meyarlarla genişləndirilməlidir.

İqtisadçı vurğulayıb ki, kənd təsərrüfatında suvarma sistemlərinin yenilənməsi, müasir texnologiyaların tətbiqi, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi və logistika infrastrukturunun inkişafı da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, turizm, informasiya texnologiyaları, logistika, alternativ enerji və peşəkar xidmətlər sahələrində rəqabətqabiliyyətli bizneslərin formalaşmasına dəstək verilməlidir.

Onun fikrincə, qeyri-neft sektorunun inkişafı yalnız ümumi daxili məhsulda payının artması ilə ölçülməməlidir. İstehsal, ixrac və məşğulluq göstəriciləri ilə yanaşı, məhsuldarlıq, yerli məhsulların rəqabətqabiliyyətliliyi və özəl sektorun iqtisadiyyatda real çəkisi də nəzərə alınmalıdır. Əks halda, statistik göstəricilərin yüksəlməsi iqtisadiyyatın idxaldan və neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına zəmanət vermir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə