"Azərbaycanın dövlətçilik təcrübəsi sabitliyin və iqtisadi inkişafın əhəmiyyətini göstərir" - ŞƏRH
"Azərbaycanın müstəqil dövlətçilik tarixinin bütün cəmiyyətin mənəvi dəyərinə çevrilməsi istiqamətində daim iş aparılmasına ehtiyac var. Xüsusilə gənc nəsil öz dövlətinin müstəqillik tarixini dərindən bilməli və bu barədə kifayət qədər məlumatlı olmalıdır. Çünki müstəqil dövlətçilik tarixini bilməyən gənclər ideoloji mübarizə şəraitində möhkəm mövqe tuta bilməzlər".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, mövcud şəraitdə Azərbaycan fiziki müdaxilələrlə yanaşı, ideoloji müdaxilələrdən də qorunmağa ehtiyac duyur. Çünki ideoloji müdaxilələr həm gənc nəslin dünyagörüşünə təsir göstərməyə, həm də əhalinin müxtəlif təbəqələri arasında həmrəyliyi pozmağa yönələ bilər.
Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin qurulmasında Heydər Əliyevin həyata keçirdiyi siyasətin, xüsusilə 1990-cı illərin ortalarından başlayaraq təxminən on il davam edən ilk mərhələnin diqqətlə öyrənilməsinə və təbliğinə ehtiyac var.
Məhz həmin dövrdə müstəqil dövlətçiliyin institusional əsaslarının yaradılması üçün nələrin zəruri olduğu sualına cavab tapıldı:
"Azərbaycanın təcavüzə məruz qaldığı, ölkədə sabitliyin pozulduğu bir vaxtda əsas problemin nədən ibarət olduğu barədə müxtəlif fikirlər səsləndirilirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə ölkədə sabitliyin təmin edilməsi və atəşkəsə nail olunması dövlət quruculuğunun əsas prioritetləri kimi ön plana çıxdı.
Təsadüfi deyil ki, sabitliyin bərqərar olması və atəşkəsin əldə edilməsi Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılmasına imkan verdi. Ölkənin iqtisadi modelinin ilkin mərhələsində təbii sərvətlərin, xüsusilə neftin ixracı mühüm yer tuturdu. Neft müqavilələrinin imzalanması və Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ölkənin iqtisadi sabitliyinin möhkəmləndirilməsinə şərait yaratdı.
Beləliklə, dövlət quruculuğunun ilkin mərhələsini bir neçə əsas istiqamətlə xarakterizə etmək mümkündür: ölkədə sabitliyin təmin edilməsi, atəşkəsə nail olunması, təbii sərvətlərin dünya bazarlarına çıxarılması və davamlı iqtisadi inkişafın əsaslarının yaradılması.
Bu amillər Azərbaycanın müstəqil dövlət quruculuğunun ilk mərhələsini başa çatdırması üçün mühüm zəmin formalaşdırdı.
1990-cı illərin ortalarından başlayaraq həyata keçirilən dövlət quruculuğu siyasətinin əsas prinsipləri Azərbaycan cəmiyyəti tərəfindən daim öyrənilməli və təhlil olunmalıdır. Çünki bu prinsiplər dövlətin çətinliklərlə üzləşdiyi dövrlərdə də əhəmiyyətini qoruyur. Sabitliyin təmin edilməsi, ordu quruculuğu, iqtisadi inkişaf modelinin formalaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə dövlət quruculuğunun hər bir mürəkkəb mərhələsində aktual olan əsas məsələlər sırasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB