"Tənhalıq uzun illər daha çox yaşlı insanların sosial problemi kimi qəbul edilsə də, müasir dövrdə bu hal gənclər arasında da getdikcə aktuallaşır. Maraqlıdır ki, bu gün insanlar ünsiyyət qurmaq üçün əvvəlkindən daha çox imkanlara malik olsalar da, səmimi münasibətlərə və emosional yaxınlığa ehtiyacları azalmır. Əksinə, bir çox gənc ünsiyyətin çoxluğu içərisində belə özünü tənha hiss edir".
Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, uzun illər gənclərlə işləmişəm, onlarla müxtəlif layihələr həyata keçirmişik. Gənclərin potensialı digər əhali qruplarından fərqlənir. Belə ki, gənclər daha enerjili və kreativ düşüncəyə malikdirlər. Lakin təəssüf edirəm ki, bu gün gənclər arasında tənhalıq və özünəqapanma halları müşahidə olunur:
"Bu halların artmasının səbəblərindən biri rəqəmsal texnologiyaların həyatımızda həddindən artıq yer tutmasıdır. Sosial şəbəkələr insanları bir-birinə bağlasa da, virtual ünsiyyət hər zaman canlı münasibətləri əvəz edə bilmir. Bəzən saatlarla sosial şəbəkələrdə vaxt keçirən, yüzlərlə insanla əlaqə saxlayan gənc real həyatda dərdini bölüşə biləcəyi, onu anlayan və dəstəkləyən bir insanın yoxluğunu hiss edir. Deməli, ünsiyyət imkanlarının çoxluğu münasibətlərin dərinliyinə zəmanət vermir. Nəticədə, iradəsi zəif olan gənclərdə özünəqapanma halı yaranır və onlar özlərini ətraf mühitdən təcrid etməyə başlayırlar.
Digər mühüm amil isə müasir cəmiyyətdə sosial münasibətlərin dəyişməsidir. Sürətli həyat ritmi, təhsil və iş rəqabəti, maddi çətinliklər, gələcəklə bağlı narahatlıqlar gənclərin emosional vəziyyətinə təsir göstərir. Müstəqil həyata başlamaq, iş tapmaq, mənzil əldə etmək və özünü cəmiyyətdə təsdiqləmək istəyi bəzən onların sosial münasibətlərə ayırdıqları vaxtı və enerjini azaldır. İnsanlar gündəlik qayğıların içərisində yaxınları ilə münasibətləri qorumağın əhəmiyyətini arxa plana keçirirlər.
Tənhalığın digər mənfi təsirə malik səbəblərindən biri də gənclərin özlərini başqaları ilə müqayisə etməsidir. Sosial şəbəkələrdə nümayiş etdirilən “ideal uğurlu həyat”, “xoşbəxt münasibətlər” və “zahiri mükəmməllik” bəzən gənclərdə öz həyatlarından narazılıq yaradır. Onlar başqalarının həyatını daha maraqlı və uğurlu hesab edərək özlərini kənarda qalmış hiss edə bilərlər. Halbuki virtual məkanda görünən həyat heç də həmişə gerçəkliyin tam mənzərəsini əks etdirmir.
Ailə münasibətləri də bu məsələdə mühüm rol oynayır. Gəncin ailədə dinlənilməsi, fikirlərinə hörmət edilməsi və emosional dəstək görməsi onun sosial həyata münasibətinə təsir göstərir. Ailədə fiziki yaxınlıq olsa da, səmimi ünsiyyətin və qarşılıqlı anlayışın çatışmaması emosional tənhalığa səbəb ola bilər. Buna görə də valideynlər övladlarının yalnız maddi ehtiyaclarını deyil, mənəvi və emosional ehtiyaclarını da nəzərə almalıdırlar.
Bəs bu zaman çıxış yolunu harada və necə axtaraq? İlk növbədə, gənclərin ehtiyaclarını araşdırmalı, onlar arasında canlı ünsiyyəti, kollektiv fəaliyyəti, könüllülüyü, mədəni tədbirləri və ictimai təşəbbüsləri təşviq etməliyik. Təhsil müəssisələri, ailələr və gənclərlə işləyən təşkilatlar onların özlərini ifadə edə biləcəkləri, qəbul olunduqlarını və cəmiyyət üçün əhəmiyyətli olduqlarını hiss edəcəkləri mühit yaratmalıdırlar. Eyni zamanda, uzun müddət davam edən tənhalıq hissi gündəlik həyata və psixoloji vəziyyətə ciddi təsir göstərirsə, peşəkar dəstəyə müraciət etmək də vacibdir.
Mənim qənaətimcə, gənclər arasında tənhalıq probleminə yalnız texnologiyanın təsiri kimi yanaşmaq düzgün olmaz. Texnologiya insanları uzaqlaşdıran vasitəyə də, birləşdirən imkana da çevrilə bilər. Əsas məsələ ondan necə istifadə etməyimiz və real münasibətlərə nə qədər dəyər verməyimizdir. Gənclərin çoxsaylı tanışlarının olması onların özlərini tənha hiss etməyəcəkləri demək deyil. İnsana bəzən yüzlərlə izləyici deyil, onu diqqətlə dinləyən bir nəfər lazımdır. Çünki tənhalıq insanların ətrafında heç kimin olmaması deyil, çox vaxt onların arasında özünü anlayan birinin olmadığını hiss etməsidir.
Gənclərin sosial və emosional rifahını qorumaq üçün onlara sadəcə ünsiyyət imkanları deyil, həqiqi münasibətlər qurmaq, özlərini ifadə etmək və aidiyyət hissini yaşamaq üçün də şərait yaratmalıyıq. Unutmaq olmaz ki, cəmiyyətin gücü yalnız texnoloji inkişafı ilə deyil, həm də insanların bir-birinə nə qədər yaxın və həssas olması ilə ölçülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB