"Soydaşlarımızın doğma torpaqlarına qayıdışı bölgədə həyatın yenidən canlanmasına imkan yaradır" - POLİTOLOQ

"Soydaşlarımızın doğma torpaqlarına qayıdışı bölgədə həyatın yenidən canlanmasına imkan yaradır" - POLİTOLOQ

"Böyük Qayıdış Proqramı ilk növbədə insanların doğma torpaqlarına qayıdışı ilə bağlı olan proqramdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına təsir göstərən, bu bölgələrin Azərbaycan iqtisadiyyatına inteqrasiyasını təmin etməyə yönələn mühüm addımlardan biridir".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, böyük bir bölgənin zəngin iqtisadi potensialını üzə çıxarmaq və onu Azərbaycan xalqının mənafeyinə xidmət edən istiqamətdə reallaşdırmaq üçün, ilk növbədə, insan amili vacibdir:

"İnsanlar həmin ərazilərdə yaşamalı, işləməli, yeni iş yerləri açılmalı və iqtisadi fəaliyyət genişlənməlidir. Bütün bunlar regionun iqtisadi potensialının reallaşdırılması üçün əlverişli şərait yaradır.

Böyük Qayıdış Proqramının, eyni zamanda, böyük tarixi əhəmiyyəti var. Çünki vaxtilə bu bölgələrdən azərbaycanlılar zorla çıxarılmış, Ermənistan tərəfindən etnik təmizləmə siyasəti həyata keçirilmişdi. Nəticədə həmin ərazilərdə demoqrafik tarazlıq pozulmuşdu. Ermənistanın bu əraziləri erməniləşdirmək məqsədilə məskunlaşma siyasəti həyata keçirdiyi, yaşayış məntəqələri saldığı bildirilirdi. Bütün bunlar həmin torpaqlara sahib çıxmaq məqsədi daşıyırdı.

Lakin bu uzunmüddətli planların həyata keçirilməsi mümkün olmadı. Azərbaycan Ordusu həmin torpaqları işğaldan azad etdi və onların ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiqlədi.

Beləliklə, həmin ərazilərdə demoqrafik dəyişikliklər yaratmaq cəhdlərinə son qoyuldu. Soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura qayıdışı isə bu torpaqlarda həyatın yenidən bərpasına və məskunlaşma prosesinin davam etməsinə imkan yaradır. Şübhəsiz ki, gələcəkdə bu bölgələrdə məskunlaşma daha da genişlənəcək.

Bu prosesin yalnız həmin bölgələr üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün də müəyyən sosial, iqtisadi və geosiyasi nəticələri olacaq. Eyni zamanda, azad edilmiş ərazilərin bərpası və əhalinin geri qayıtması Azərbaycanın regiondakı mövqelərinin möhkəmlənməsinə töhfə verə bilər.

Digər tərəfdən, gələcəkdə, ümid edirik ki, çox uzaq olmayan bir zamanda, soydaşlarımızın indiki Ermənistan ərazisində yerləşən, tarixən Qərbi Azərbaycan adlandırılan torpaqlara qayıtması məsələsi də sülh və beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini tapacaq. Beləliklə, uzun illər davam edən bu tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində də irəliləyiş əldə oluna bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə