"Azərbaycan fərqli sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviqinə çalışır" - POLİTOLOQ

"Azərbaycan fərqli sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviqinə çalışır" - POLİTOLOQ

"Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi və müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviqi istiqamətində həyata keçirdiyi siyasət ölkənin xarici əlaqələrinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin səciyyəvi cəhəti İslam həmrəyliyi ideyasını digər dinlərə və mədəniyyətlərə hörmət, dialoq və əməkdaşlıq prinsipləri ilə uzlaşdırmaq cəhdidir. Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatında, həm də müxtəlif beynəlxalq dialoq platformalarında iştirakı onun fərqli siyasi və mədəni məkanlar arasında əlaqələrin inkişafına verdiyi əhəmiyyəti göstərir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu yanaşma xüsusilə dini və mədəni fərqlərin bəzən siyasi qarşıdurmalar üçün istifadə olunduğu müasir beynəlxalq şəraitdə diqqət çəkir:

"Bu siyasətin institusional əsaslarından biri 2008-ci ildə başlanmış “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Forumun BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İslam Dünyası Təhsil, ICESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq şəraitində təşkili təşəbbüsün beynəlxalq əhatəsini genişləndirir. İslam Əməkdaşlıq Təşkilatının 2024-cü ildə keçirilən 15-ci İslam Sammitinin yekun sənədində Bakı Forumunun qəbul olunması və Azərbaycanın tolerantlığın təşviqinə verdiyi töhfələrin qeyd edilməsi bu platformanın təşkilat səviyyəsində dəstəkləndiyini göstərir.

Forumun əhəmiyyəti yalnız müxtəlif ölkələrdən nümayəndələrin bir araya gəlməsi ilə məhdudlaşmır. Belə platformalar İslam dünyasının üzləşdiyi islamofobiya, dini ayrı-seçkilik, mədəni irsin dağıdılması və ekstremizm kimi problemlərin beynəlxalq müzakirəsinə imkan yaradır. Eyni zamanda, müsəlman ölkələri ilə digər dövlətlər arasında təhsil, mədəniyyət, elm və humanitar əməkdaşlığın inkişafı üçün əlaqələr qurulur. 2026-cı il forumunda İslam Əməkdaşlıq Təşkilatının baş katibinin iştirakı və təşkilatın rəhbərliyi ilə aparılan müzakirələr Azərbaycanın dialoq təşəbbüslərinin İslam dünyasının institusional gündəliyi ilə əlaqələndirildiyini göstərir.

Azərbaycanın İslam mədəni irsinin qorunması istiqamətində fəaliyyəti də bu siyasətin mühüm hissəsidir. Bakı, Naxçıvan və Şuşanın müxtəlif illərdə İslam mədəniyyətinin paytaxtı elan edilməsi, dini-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması və ICESCO ilə əməkdaşlıq bu sahədə həyata keçirilən təşəbbüslər sırasındadır. 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin keçirilməsi və Azərbaycanın təşkilata sədrlik etməsi isə ölkənin müsəlman dövlətləri arasında əməkdaşlığın əlaqələndirilməsində daha geniş imkanlar əldə etməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, Bakı Forumunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənməsi Azərbaycanın İslam dünyası ilə əlaqələrini gücləndirməklə yanaşı, ölkənin fərqli mədəniyyətlər arasında əməkdaşlıq platforması kimi rolunu genişləndirmək potensialına malikdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə