"Vacib olan təhlükənin vaxtında aşkarlanması və hadisə baş verməzdən əvvəl qarşısının alınmasıdır" - TƏHSİL EKSPERTİ
"225 nömrəli məktəbdə baş verən faciə təhsil müəssisələrində təhlükəsizlik və şagirdlərə nəzarət məsələsinə daha ciddi yanaşmağın vacibliyini bir daha göstərir. Məktəb yalnız uşaqların bilik aldığı yer deyil, həm də onların təhlükəsizliyinə təminat verilməli olan bir mühitdir. Valideyn övladını məktəbə göndərərkən onun həm təhsil alacağına, həm də təhlükəsizliyinin qorunacağına inanmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamaliyev deyib.
Onun sözlərinə görə, düşünürəm ki, belə hadisələrdən sonra yalnız baş verən konkret vəziyyəti araşdırmaqla kifayətlənmək olmaz. Eyni zamanda, digər məktəblərdə də təhlükəsizlik sisteminin necə qurulduğuna, şagirdlərə nəzarətin hansı qaydada həyata keçirildiyinə və mümkün risklərin əvvəlcədən müəyyənləşdirilib-müəyyənləşdirilmədiyinə baxılmalıdır:
"İlk növbədə, hər bir məktəbdə təhlükəsizlik üzrə aydın fəaliyyət planı olmalıdır. Məktəbə kənar şəxslərin girişinə nəzarət edilməli, giriş-çıxış qaydaları müəyyənləşdirilməli, videomüşahidə və digər texniki vasitələrin işlək vəziyyətdə olması təmin edilməlidir. Lakin təhlükəsizliyi yalnız kamera quraşdırmaqla və ya girişdə bir nəfərin dayanması ilə həll olunmuş hesab etmək olmaz. Əsas məsələ mümkün təhlükənin vaxtında aşkarlanması və hadisə baş verməzdən əvvəl qarşısının alınmasıdır.
Burada mühafizə xidmətinin təşkili xüsusi əhəmiyyət daşıyır. Bəzi hallarda məktəbin girişinə nəzarət vəzifəsinin müəllimlərə və ya texniki işçilərə həvalə edilməsi ilə bağlı narahatlıqlar səsləndirilir. Halbuki müəllimin əsas vəzifəsi tədris prosesini həyata keçirmək, texniki işçinin isə ona həvalə edilmiş əmək funksiyalarını yerinə yetirməkdir. Onların peşəkar mühafizəni əvəz etməsi düzgün yanaşma deyil. Müəllimlər və digər əməkdaşlar təhlükəsizlik qaydalarını bilməli, fövqəladə vəziyyətdə necə davranacaqlarını öyrənməlidirlər, amma bu, mühafizə xidmətinin zəruriliyini aradan qaldırmır.
Digər vacib məsələ şagirdlərə nəzarətin düzgün təşkilidir. Bu nəzarəti uşaqların hər addımını izləmək kimi başa düşmək olmaz. Məqsəd məktəbdə sağlam münasibətləri qorumaq, zorakılıq və təhdid əlamətlərini vaxtında görmək, şagirdlər arasında yaranan münaqişələrə laqeyd qalmamaqdır. Bəzən uşaqların davranışında, ünsiyyətində və emosional vəziyyətində müəyyən dəyişikliklər müşahidə olunur. Müəllimlər və məktəb psixoloqları bu əlamətlərə diqqət yetirməli, ehtiyac olduqda valideynlərlə əlaqə saxlamalı və müvafiq dəstək göstərməlidirlər.
Məktəblərdə psixoloji xidmətin rolu da artırılmalıdır. Şagird özünü təhdid altında hiss edirsə, zorakılıqla qarşılaşırsa və ya hər hansı problem yaşayırsa, bunu təhlükəsiz şəkildə bildirə biləcəyi mexanizm olmalıdır. Uşaqlar bilməlidirlər ki, müraciət etdikdə onların problemi ciddiyə alınacaq. Eyni zamanda, məktəb rəhbərliyi daxil olan şikayətləri formal qeydiyyatla məhdudlaşdırmamalı, onları araşdırmalı və zəruri tədbirlər görməlidir.
Məktəb rəhbərliyinin məsuliyyətinə gəldikdə isə, burada həm səlahiyyət, həm də öhdəlik məsələsi var. Direktor məktəbdə təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə, əməkdaşlar arasında vəzifə bölgüsünün düzgün aparılmasına, risklərin aidiyyəti qurumlara bildirilməsinə və müəyyən edilmiş prosedurların icrasına nəzarət etməlidir. Təhlükəsizlik yalnız hadisə baş verdikdən sonra müzakirə edilən məsələ olmamalıdır.
Bununla yanaşı, baş verən hər bir hadisəyə görə avtomatik olaraq yalnız direktoru günahlandırmaq da doğru deyil. Əvvəlcə hadisənin səbəbləri, məktəbin üzərinə düşən öhdəliklərin yerinə yetirilib-yetirilmədiyi, əvvəlcədən hansı risklərin məlum olduğu və hansı tədbirlərin görülə biləcəyi araşdırılmalıdır. Əgər səhlənkarlıq, vəzifə öhdəliklərinin pozulması və ya məlum risklərə laqeyd yanaşma müəyyən edilərsə, məsuliyyət qanunvericiliyə uyğun şəkildə müəyyənləşdirilməlidir. Eyni zamanda, təhlükəsizliyin təşkili üçün zəruri resursların və institusional dəstəyin təmin olunmasına cavabdeh olan aidiyyəti qurumların fəaliyyəti də qiymətləndirilməlidir.
Mən hesab edirəm ki, belə hadisələrdən sonra bütün məktəblərdə təhlükəsizlik vəziyyətinin sistemli şəkildə yoxlanılması, mövcud çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üçün konkret tədbirlər planının hazırlanması vacibdir. Bu yoxlamalar formal hesabatlarla yekunlaşmamalı, real vəziyyəti əks etdirməli və nəticələrinə uyğun addımlar atılmalıdır. Məktəb əməkdaşları üçün mütəmadi təlimlər keçirilməli, fövqəladə vəziyyətlər zamanı kimin hansı addımı atacağı əvvəlcədən müəyyənləşdirilməli, valideynlərlə məktəb arasında əlaqə mexanizmləri gücləndirilməlidir.
Unutmamalıyıq ki, məktəbdə təhlükəsizlik hadisə baş verdikdən sonra məsul şəxsi axtarmaq deyil, hadisənin qarşısını almaq üçün əvvəlcədən işlək sistem qurmaqdır. Bir uşağın təhlükəsizliyini qorumaq üçün görülən tədbir artıq deyil, zərurətdir. Təhsil müəssisəsinin uğuru yalnız şagirdlərin akademik nəticələri ilə deyil, onların özlərini nə dərəcədə təhlükəsiz hiss etmələri ilə də ölçülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB