"Bu, dövlətlər arasında münasibətləri inkişaf etdirməyin mühüm vasitəsidir" - ŞƏRH

"Bu, dövlətlər arasında münasibətləri inkişaf etdirməyin mühüm vasitəsidir" - ŞƏRH

"Müasir dünyada siyasi qarşıdurmaların, müharibələrin, dini və etnik zəmində gərginliklərin artdığı bir vaxtda Bakının fərqli sivilizasiyaları bir araya gətirməsi təsadüfi hadisə deyil. Bu, Azərbaycanın illərdir həyata keçirdiyi düşünülmüş siyasətin, formalaşdırdığı beynəlxalq dialoq mühitinin və multikultural dəyərlərə sadiqliyinin nəticəsidir. Bu gün dünya yalnız siyasi və iqtisadi böhran yaşamır, həm də etimad böhranı ilə üz-üzədir. Belə bir mürəkkəb dövrdə Bakı bir daha göstərir ki, sivilizasiyalar arasında divarlar ucaltmaq deyil, körpülər qurmaq daha vacibdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun mühüm istiqamətlərindən birini nümayiş etdirir:

"100-dən artıq ölkənin təmsil olunması, 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi bu platformanın beynəlxalq əhatəsini göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Bakı Prosesi artıq sadəcə mədəniyyətlərarası müzakirə formatı deyil, müxtəlif siyasi və dini baxışlara malik tərəflərin ortaq məsələlər ətrafında görüşdüyü dialoq məkanına çevrilib.

Prezident İlham Əliyevin forumun açılışındakı çıxışında bir neçə mühüm siyasi mesaj xüsusilə diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın multikulturalizm ənənələrini, müxtəlif dinlərin və xalqların birgəyaşayış təcrübəsini önə çəkərək əslində dünyaya mühüm bir həqiqəti xatırlatdı: fərqlilik qarşıdurmanın səbəbi deyil, düzgün idarə olunduqda cəmiyyətin güc mənbəyidir. Azərbaycanda milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların azərbaycançılıq ideyası ətrafında birləşməsi bunun praktik nümunəsidir.

Çıxışın digər mühüm istiqaməti beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenlik və bərabərhüquqluluq prinsipləri ilə bağlı idi. Prezidentin heç bir dövlətin digərinə öz iradəsini diktə etməməli olduğu barədə mövqeyi müasir beynəlxalq sistemdə mövcud problemlərə birbaşa toxunur. Çünki bu gün dünyada münaqişələrin səbəblərindən biri də beynəlxalq hüquqa selektiv yanaşma, güc amilinin hüquqdan üstün tutulması və ikili standartlardır. Azərbaycanın mövqeyi isə aydındır: dialoq bərabər tərəflər arasında mümkündür, diktə ilə dialoq eyni anlayış deyil.

Dövlət başçısının Azərbaycanın müharibədən sonrakı təcrübəsinə diqqət çəkməsi də xüsusi siyasi məna daşıyır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh gündəliyini irəli sürməklə hərbi mərhələdən siyasi-diplomatik mərhələyə keçidin öz təcrübəsini ortaya qoydu. Bu təcrübənin digər münaqişələr üçün hansı dərslər verdiyi beynəlxalq müzakirələr baxımından əhəmiyyətlidir. Burada əsas fikir ondan ibarətdir ki, müharibəni başa çatdırmaq qədər davamlı sülhün siyasi əsaslarını yaratmaq da vacibdir.

Digər diqqətçəkən məqam Azərbaycanın mədəniyyətlərarası dialoqla yanaşı, iqtisadi, enerji və nəqliyyat bağlantılarında artan roludur. Əslində, ölkəmiz yalnız mədəniyyətlər arasında deyil, coğrafiyalar və iqtisadi məkanlar arasında da körpü funksiyasını genişləndirir. Bu baxımdan Azərbaycanın beynəlxalq mövqeyi bir-birini tamamlayan siyasi, iqtisadi və humanitar istiqamətlər üzərində formalaşır.

Hesab edirəm ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas əhəmiyyəti Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin davamlılığını nümayiş etdirməsidir. Forumun real nəticəsi isə burada səslənən fikirlərin gələcək əməkdaşlıq mexanizmlərinə çevrilməsindən asılı olacaq.

Bu gün dünya yeni qarşıdurma xətləri axtardığı halda, Bakı ortaq anlaşma nöqtələrinin müzakirə olunduğu məkan kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışının əsas siyasi mesajlarından biri də budur: davamlı sülh üçün yalnız güc balansı deyil, qarşılıqlı hörmət, siyasi iradə və etimad da lazımdır. Azərbaycanın təqdim etdiyi yanaşmada dialoq zəiflik deyil, dövlətlər arasında münasibətləri inkişaf etdirməyin mühüm vasitəsidir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə