"Azərbaycanın ikili standartlara münasibəti dünyanın nümunə götürə biləcəyi təcrübə modelinə çevrilib" - ŞƏRH
"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq platformaların işinə nə dərəcədə məsuliyyətlə yanaşmasının bariz ifadəsidir. Eyni zamanda, Azərbaycan beynəlxalq dialoq və müzakirə platformaları vasitəsilə ümumdünya miqyaslı mütərəqqi proseslərə nə qədər töhfə vermək istədiyini bir daha nümayiş etdirir. Azərbaycan bu kimi beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməkdə artıq böyük təcrübəyə malik olduğunu sübut edib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, BMT-nin himayəsi altında keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyanın nə qədər mühüm çağırışlarla üz-üzə olduğunu bir daha nümayiş etdirir:
"Burada müzakirə olunan məsələlər və keçirilən panel iclasları müasir dünyanın ən ciddi problemləri ilə səsləşir. İqtisadi problemlərdən sosial rifaha, ekologiyadan elm və mədəniyyətin inkişafına qədər xalqların həyatı və rifahı üçün mühüm əhəmiyyət kəsb edən bütün məsələlər bu müzakirələrdə müxtəlif səviyyələrdə əhatə olunur.
Eyni zamanda, səsləndirilən fikirlər və irəli sürülən ideyalar həm mövcud mənzərənin təsvirində, həm də problemlərin aradan qaldırılmasında bələdçi rolunu oynamaqla əhəmiyyətli təsirə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı bütün bu nöqteyi-nəzərlərdən aktuallığı ilə seçilir. Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi inkişaf nəticələrinin dünya ilə bölüşdürülməsi baxımından çıxışda əhəmiyyətli yanaşmalar yer alır.
Xüsusilə müasir dünyada ikili standartlar, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi, hər bir ölkənin və xalqın inkişafına xas xüsusiyyətlərin mütləq nəzərə alınmasının vacibliyi, sülh və təhlükəsizlik üçün böyük təhlükə yaradan ambisiyaların yolverilməzliyi, eləcə də Azərbaycanın Vətən müharibəsində çox çətin şəraitdə qələbə qazanmaq təcrübəsinin dünyaya təqdimatını Prezidentin çıxışında gördük.
Azərbaycan kimi ikili standartlardan çox əziyyət çəkən ölkələrə Azərbaycanın təcrübəsini təqdim etmək baxımından Prezidentin çıxışı böyük əhəmiyyət daşıyır. Bəzi ölkələr ikili standartlardan əziyyət çəksələr də, bu yanaşmalar qarşısında düzgün çıxış yolu tapa bilmir, güzəştlərə gedir və ya nəticəsiz axtarışlar içərisində çətin vəziyyətdə qalırlar.
Amma Azərbaycan ikili standartlarla bağlı məsələlərdən ən uğurlu çıxış yolunu tapa bildi. Bu, ikili standartlar qarşısında boyun əyməmək, beynəlxalq hüquq normalarına və milli maraqlara əsaslanmaq, müttəfiqlər çevrəsini genişləndirmək və qarşıda dayanan problemin həllinə nail olmaqdan ibarət bir modeldir.
Azərbaycan Prezidenti də qeyd etdiyi kimi, 30 ildən çox müddətdə ikili standartlardan birbaşa əziyyət çəkən ölkə olmasına baxmayaraq, Azərbaycan həm bu yanaşmalara qarşı mübarizənin uğurlu formasını ortaya qoya bildi, həm də ikili standartlar şəraitində milli maraqların həyata keçirilməsinin mümkün olduğunu nümayiş etdirdi.
Prezident haqlı olaraq qeyd etdi ki, bu gün münaqişələrlə və ikili standartlarla üzləşən xalqlar mövcud vəziyyətdən çıxmaq üçün Azərbaycanın uğurlu təcrübəsindən bəhrələnə bilərlər. Həqiqətən də, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə həm çətin şəraitdə milli maraqların təmin olunmasının mümkünlüyünü sübut etdi, həm də ikili standartların bütün zərərli təsirlərindən uğurla yan keçməyin nümunəsini göstərdi.
Həqiqətən də, Azərbaycan kimi ikili standartlarla üzləşən başqa bir ölkə olsaydı belə, Azərbaycan qədər uğurlu nəticələr əldə edə bilməyə bilərdi. Azərbaycanın ikili standartlara münasibəti və onlara qarşı mübarizəsi dünyanın nümunə götürə biləcəyi təcrübə modelinə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB