Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq miqyasda geniş yayılır -ÜLVİ MEHDİYEV

Azərbaycanın “ASAN xidmət” modeli beynəlxalq miqyasda geniş yayılır -ÜLVİ MEHDİYEV

Azərbaycanın yaxşı idarəçilik sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda diqqətçəkən nümunələr sırasında yer alır.

SİA xəbər verir ki, bunu Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans”da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, bu gün “ASAN xidmət” konsepsiyası dörd qitədə 40-dan çox ölkə ilə bölüşülüb. Pakistan, İndoneziya, Efiopiya, Uqanda, Özbəkistan və Əfqanıstan kimi ölkələrdə “ASAN” modeli əsasında dövlət xidmət mərkəzləri yaradılıb.

“Bu, Azərbaycan innovasiyasının beynəlxalq inkişaf əməkdaşlığının konkret alətinə çevrilə biləcəyinin güclü göstəricisidir”, - deyə Ü.Mehdiyev vurğulayıb.

Onun sözlərinə görə, hazırda dünyada 600-dən çox mərkəz “ASAN” prinsipləri əsasında fəaliyyət göstərir və 800 milyondan çox insana xidmət göstərir. Bu göstərici dünya əhalisinin təxminən 10 faizinə bərabərdir.

Ü.Mehdiyev bildirib ki, 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan Hökuməti arasında “ASAN” modelinin üstünlüklərinin dünya üzrə daha geniş tətbiqinə yönəlmiş qlobal əhəmiyyətli təşəbbüsə start verilib.

“Təşəbbüs çərçivəsində ən az inkişaf etmiş ölkələrdən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdən və kiçik ada dövlətlərindən olan dövlət qulluqçuları üçün qabaqcıl idarəçilik və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur”, - deyə agentlik sədri əlavə edib.

O qeyd edib ki, müxtəlif qitələrdə beynəlxalq tədbirlərin təşkili, çoxkanallı xidmətlərin göstərilməsi üzrə təlimlərin keçirilməsi və bilik mübadiləsinin həyata keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, layihə çərçivəsində BMT tərəfindən dövlət xidmətləri üzrə vahid qlobal standart sənədinin hazırlanması nəzərdə tutulur.

“ASAN xidmət”in dövlət xidmətləri sahəsində Azərbaycanın öz təcrübəsini bölüşməsinin fərqləndirici nümunəsi olduğunu deyən Ü.Mehdiyev bildirib ki, bu model Azərbaycan Prezidentinin dost və tərəfdaş ölkələrlə əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı baxışını əks etdirir.

“Biz bu təcrübəni dünyanın daha çox ölkəsi ilə bölüşmək istiqamətində fəaliyyətimizi davam etdirməyə tam sadiqik”, - deyə Ü.Mehdiyev bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə