“Beynəlxalq təşkilatların əsas problemi qərarların icrasını təmin edə bilməməsidir”

“Beynəlxalq təşkilatların əsas problemi qərarların icrasını təmin edə bilməməsidir”

"Azərbaycan təcrübəsindən çıxış etsək, belə qənaətə gələ bilərik ki, beynəlxalq təşkilatlar qlobal və regional münaqişələrin həllində yetərincə rol oynaya bilmir". Bu fikirləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, məsələn, BMT Təhlükəsizlik Şurasının Qarabağın işğalı ilə bağlı Ermənistana qarşı 4 qətnaməsi olmuşdur və bu qətnamələrin heç birini BMT rəsmi İrəvana icra etdirə bilmirdi:

"ATƏT-in Minsk Qrupu və onun həmsədrləri var idi. Bu institutda münaqişənin həllində heç bir rol oynamadı və əksinə, ATƏT-in Minsk Qrupu və onun həmsədrləri Azərbaycana torpaqlarının işğalı ilə razılaşmağı üçün təzyiqlər edirdi. Hazırkı şəraitdə də Yaxın Şərqdə baş verən hadisələrlə bağlı, istər indiki, istər ondan əvvəlki hadisələrlə bağlı məsələlərdə də beynəlxalq təşkilatlar və regional liqalar heç bir önəmli rol oynaya bilmir. Sadəcə olaraq ya bəyanat verir, ya qətnamələrlə çıxış edir və s. Məsələn, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, BMT, NATO, hətta Avropa İttifaqı belə münaqişələrin həllində rolu sıfırdır.

NATO, Avropa İttifaqı müxtəlif sülhməramlıların tərkibində iştirak ediblər. Amma nəticə etibarilə münaqişələrin həllində heç bir rol oynamayıblar. Məsələn, NATO Əfqanıstanda iştirak edib, İraqda olub. Amma nə Əfqanıstanda, nə İraqda önəmli rol oynamayıb, yaxud Kosovo məsələsində elə bir əhəmiyyətli rol oynamadı. Bosniya və Herseqovinada NATO-nun sülhməramlıları əksinə, Boşnak müsəlmanlarının soyqırımına şərait yaratdılar. BMT sülhməramlıları da iştirakı ilə Bosniya və Herseqovinada müsəlman Boşnakların, yəni Bosniyalıların soyqırımına şərait yaratdılar. Odur ki, mövcud beynəlxalq münasibətlərdə qlobal təşkilatlar münaqişələrin həlli, problemlərin həlli, mübahisələrin həllinə heç bir önəmli töhfə verə bilmir. Sadəcə olaraq onlar müzakirələr, müxtəlif qətnamələrin, münasibətlərin həlli ilə bağlı müzakirə aça bilirlər.

Ən qədim münaqişə, köhnə keçmiş münaqişələrdən biri Fələstin-İsrail münaqişəsidir. Bu münaqişə ilə bağlı da BMT Təhlükəsizlik Şurası və müxtəlif təşkilatların çoxsaylı qətnamələri olub və bu günə qədər də onlar icra olunmayıb. Dünyanın müxtəlif bölgələrindəki qarşıdurmalar, münaqişələrlə bağlı çoxsaylı sənədlər qəbul edilsə də, indiyə qədər onların reallaşması faktı bəlli deyil".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə