“2023-cü il 23 aprel tarixində Laçın–Xankəndi yolunun başlanğıcında buraxılış məntəqəsinin qurulmasının ildönümü Azərbaycanın postmünaqişə mərhələsində suverenlik siyasətinin ən konkret təzahürlərindən biri kimi qiymətləndirilir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, bu addım uzun müddət nəzarətsiz qalan bir istiqamətdə hüquqi və faktiki nəzarətin bərpasını təmin etdi, eyni zamanda dövlətin sərhəd rejimini tam şəkildə tətbiq etməyə hazır və qətiyyətli olduğunu göstərdi:
“İlham Əliyev tərəfindən formalaşdırılan bu prinsipial mövqe nəticəsində qəbul edilən qərar, yalnız inzibati və texniki bir tədbir kimi yox, həm də strateji əhəmiyyət daşıyan dövlət siyasəti kimi çıxış etdi. Bu addım Azərbaycan dövlətinin öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarını praktiki olaraq təmin etməyə yönəlmiş ardıcıl siyasətinin tərkib hissəsidir.
Buraxılış məntəqəsinin yaradılması həm təhlükəsizlik baxımından risklərin minimuma endirilməsinə, həm də regionda qanunsuz hərəkətlərin qarşısının alınmasına xidmət etdi. Eyni zamanda bu mexanizm sərhəd nəzarətinin gücləndirilməsi, hərəkətin tənzimlənməsi və şəffaflığın artırılması baxımından da mühüm rol oynadı.
Bu addım regionda formalaşan yeni siyasi reallığın daha da möhkəmlənməsinə şərait yaratdı və göstərdi ki, bundan sonra bütün proseslər yalnız beynəlxalq hüquq normaları, dövlət suverenliyi və qanunvericilik çərçivəsində tənzimlənəcək. Beləliklə, bu qərar təkcə bir infrastruktur tədbiri deyil, həm də postmünaqişə dövründə Azərbaycanın dövlət idarəçiliyinin və siyasi iradəsinin real göstəricisi kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB