"TDT-nin qarşısında duran əsas vəzifə geniş inteqrasiya modelini formalaşdırmaqdır" - ŞƏRH EDİLDİ

"Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inteqrasiyasının sürətlənməsi fonunda bəzi beynəlxalq güclərin bu prosesə skeptik yanaşdığı aydın görünür. Türk Dövlətləri Təşkilatının (TDT) regional güc balansını dəyişdirə biləcək qədər koordinasiyalı struktur formalaşdırması, təbii ki, müəyyən dairələrdə narahatlıq yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu narahatlığın kökündə geosiyasi təsir zonalarının yenidən bölüşdürülməsi ehtimalı, enerji və nəqliyyat dəhlizlərinə nəzarət məsələləri, həmçinin Mərkəzi Asiya və Qafqazda artan əməkdaşlıq dinamizmi dayanır: "Lakin burada vacib olan TDT-nin bu təzyiqlərə necə qarşılıq verməli olduğudur. İlk növbədə, təşkilatın institusional gücü dərinləşməlidir. Bu isə qərarların icra mexanizmlərinin gücləndirilməsi, müşahidəçi statusundan tamhüquqlu əməkdaşlıq modelinə keçid, eləcə də daimi fəaliyyət göstərən ortaq strukturların genişləndirilməsi ilə mümkündür. TDT-nin siyasi koordinasiya imkanları artırılmadan təşkilatın xarici təzyiqlərə qarşı dayanıqlığı tam təmin olunmayacaq. Bu məqsədlə ortaq diplomatik platformalar, eləcə də beynəlxalq arenada vahid mövqelərin daha çox ifadə edilməsi vacibdir.

Hərbi birliyin təməli artıq qoyulub və bu, Türk dövlətlərinin gələcəkdə daha dərindən inteqrasiya olunmuş müdafiə mexanizmlərinə sahib olacağını göstərir. Bunun davamı kimi ortaq komanda strukturlarının yaradılması, hərbi təlimlərin mütəmadi keçirilməsi, müdafiə sənayesi məhsullarının ortaq istehsalı və texnologiya transferi kimi addımlar gözlənilir. Bu istiqamətdə ən önəmli məsələ informasiya təhlükəsizliyinin gücləndirilməsi və kiberhücumlara qarşı ortaq strategiyanın hazırlanmasıdır. Çünki müasir təzyiq formaları daha çox hibrid müstəvidə özünü göstərir.

TDT yalnız hərbi və siyasi birlik kimi yox, həm də vahid iqtisadi məkan kimi güclənməlidir. Orta Dəhliz layihəsi, ticarət maneələrinin azaldılması, vahid gömrük rejiminə doğru addımlar və enerji layihələrinin koordinasiyası təşkilatın beynəlxalq güclər qarşısında iqtisadi dayanıqlığını artıran əsas mexanizmlərdir. Nə qədər çox qarşılıqlı asılılıq yaranarsa, o qədər də xarici təsir imkanları azalır. Mədəni və humanitar əməkdaşlıq isə TDT-nin yumşaq gücünü formalaşdıran əsas sahədir. Birlik ölkələri ortaq media platformaları, təhsil proqramları, tələbə mübadilələri, ortaq televiziyalar və akademik mərkəzlər vasitəsilə informasiya üstünlüyünü möhkəmləndirməlidir. Bu, xarici güclərin bölgədə ideoloji manipulyasiya imkanlarını məhdudlaşdırır və türk xalqları arasında kimlik bağlılığını gücləndirir. TDT-nin qarşısında duran əsas vəzifə yalnız hərbi təməl yaratmaq deyil, siyasi, iqtisadi, təhlükəsizlik və informasiya sahələrini əhatə edən geniş inteqrasiya modelini formalaşdırmaqdır. Bu istiqamətdə atılacaq addımlar təşkilatın həm regional, həm də qlobal arenada nüfuzunun artmasına və xarici təzyiqlərə qarşı daha dayanıqlı mövqe qazanmasına xidmət edəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə