Avstriyanın paytaxtı Vyana şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı və Vyanada yaşayan soydaşlarımızın fəal iştirakı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzində yerləşən küçə və meydanlarda buklet, məlumat vərəqələri yerli sakinlərə paylanılıb, bəşəriyyətin ən qanlı cinayətlərindən biri barədə məlumat verilib.
Eləcə də Ermənistanın yürütdüyü işğalçı siyasətin yaratdığı nəticələr, keçmiş Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın həyata keçirdiyi sülhpərvər siyasət və səylərdən bəhs edilib. Bildirilib ki, dünya ictimaiyyəti Xocalı soyqırımına biganə qalmamalı, nəhayət ki, bu faciəyə beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı, həmçinin üzərində soyqırımına dair faktları əks etdirən xüsusi avtomobil şəhərin mərkəzi küçə və prospektlərində hərəkət edib.
Bildirilib ki, məlumatlandırma aksiyasının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Xocalı faciəsinə yönəltmək və mövzu ilə bağlı məlumatlılığı artırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə