“COP29-a ev sahibliyi etməyimiz Azərbaycana göstərilən etimadın ifadəsidir” - ŞƏRH EDİLDİ

“COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi və 200 dövlətin bu tədbirə ev sahibliyini Azərbaycanın etməsinə razılıq verməsi ölkəmizin beynəlxalq aləmdə yüksələn nüfuzunun və dövlətimizin rəhbəri cənab İlham Əliyevin düşünülmüş siyasətinin göstəricisidir. Çünki COP29-a ev sahibliyi etmək, konfransı yüksək səviyyədə keçirmək böyük məsuliyyət tələb edir. Ancaq Azərbaycanın bu sahədə xeyli təcrübəsi var, bir çox beynəlxalq əhəmiyyətli idman yarışlarının, musiqi müsabiqələrinin və digər tədbirlərin paytaxt Bakıda, həmçinin regionlarda keçirilməsi göstərir ki, Azərbaycan mühüm tədbirlərə ev sahibliyi etməyə və yüksək təşkilatçılıq bacarığı ilə həyata keçirməyə qadirdir. Bunu COP29 konfransının açılış mərasimi bir daha sübut etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, cənab İlham Əliyevin COP29-dakı çıxışı dünyanın bütün ölkələrinin diqqət mərkəzində idi və analitiklər tərəfindən çox yüksək qiymətləndirildi: “Çünki ölkə başçısı COP29-un keçirilməsinin əhəmiyyətini və bu gün bəşəriyyəti narahat edən bütün məsələlərin Bakıda müzakirə edilməsini əlamətdar hadisə kimi qeyd etdi. Dövlət başçısı göstərdi ki, COP29-un Azərbaycanda keçirilməsi bizim üçün etimad və məsuliyyətdir.

Bu gün Azərbaycanın yerləşdiyi mövqe dünya ölkələri üçün çox əlverişlidir. Dövlət başçısı öz çıxışında qeyd etdi ki, Azərbaycanın başlatdığı layihələr artıq Avrasiyada enerji daşıma yollarını dəyişib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Digər tərəfdən alternativ enerji mənbələrinin araşdırılması və tətbiqində Azərbaycanın fəallığı hiss olunur.

Sözsüz ki, açılış nitqində dövlət rəhbəri tarixi qələbələrimizə də diqqət çəkdi. Haqlı olaraq göstərildi ki, BMT TŞ-nin 30 il kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü, ordusunun qüdrəti, xalqın birliyi sayəsində yerinə yetirə bildi və erməni faşistlərinin ayaqları Azərbaycan torpaqlarından kəsildi. Ölkəmizin rəhbəri öz çıxışında dəfələrlə qeyd etdi ki, Azərbaycan demokratiyaya, sülhə, əmin-amanlıq və əməkdaşlığa, təhlükəsizliyə sadiq dövlətdir. Bunun nəticəsidir ki, bu gün Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunmasında Azərbaycan mühüm rol oynayır. Ermənistanla sülh müqaviləsinin bağlanılmasına cəhdlər göstərilməsinə baxmayaraq, hələ də xarici ölkələrin təhriki ilə Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngidir. Ermənistan yenidən silahlanmaq fikrindədir və Qərbin, Avropanın, xüsusilə Fransanın dəstəyi ilə bu gün yenidən Ermənistan müharibəyə hazırlaşır.

COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinə razılıq verən ölkələrin sonradan bu tədbiri “boykot” etmək çağırışları onların əsl üzünü göstərir. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir ölkənin diqtəsi ilə işləməməsi bir çox Qərb və Avropa ölkələrini narahat edir. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi öz sözünü dedi, haqq-ədalətin bərpası uğrunda aparılan mübarizəni sülhsevər dövlətlər qiymətləndirsələr də, lakin ermənipərəst qüvvələr Azərbaycanın bu qələbəsini bu gün də həzm edə bilmirlər. Buna görə də onlar COP29-un hər vasitə ilə baş tutmasına çalışdılar, lakin buna nail ola bilmədilər.

Ölkə başçısı çxışı zamanı bildirdi ki, dünya haqsızlıq hökm sürdüyü müddət ərzində bəşəriyyəti xilas etmək mümkün deyil. COP29-un ölkəmizdə keçirilməsi, burada BMT baş katibinin və görkəmli dövlət xadimlərinin çıxışları Azərbaycana verilən dəstək, göstərilən etimadın ifadəsidir. Bu gün Azərbaycan dünyaya açılan qapı kimi bütün dövlətlərlə sağlam əməkdaşlıq qurur. COP29-un ölkəmizdə yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın qüdrətindən və Azərbaycan xalqının sülhsevər amalından xəbər verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə