COP29 kimi möhtəşəm tədbir hələ uzun illər dillər əzbəri olacaq - PARTİYA SƏDRLƏRİ - SORĞU
Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Bəs partiya sədrləri COP 29-u necə dəyərləndirir? SİA mövzu ilə bağlı sorğu edərək onların fikirlərini öyrənib.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: “COP29 dünya əhəmiyyətli, olduqca mühüm bir beynəlxalq tədbirdir. Belə mühüm bir tədbirə dövlətimizin ev sahibliyi etməsi olduqca fəxarətlidir. Hesab edirəm ki, Azərbaycanımız dünyada multikulturalizm və tolerantlığın mərkəzi olması ilə yanaşı, həm də bəşəri dəyərlər uğrunda fədakarlıq edən bir dövlət olaraq hər zaman özünəməxsus zirvədə duracaq. COP29-a dünya dövlətlərinin və dünya liderlərinin marağı, bu maraq fonunda Azərbaycanın ev sahibi olaraq bu günədək keçirilmiş 28 belə tədbiri kölgədə qoyacaq səviyyədə COP29-a hazırlaşması - Azərbaycanın həm də dünyada etibarlı, işinə dəqiq bir partniyor kimi tanınması ilə nəticələnəcək. Fikrimcə Prezident İlham Əliyevin bu tədbirə önəm və diqqət verməsi bir çox dünya liderlərinə həm də bir dərsdir. Əmin olun ki, bu möhtəşəm tədbir hələ uzun illər dillər əzbəri olacaq…”.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı: “Azərbaycan Birləşmiş Millətlər Təşkilatının olduqca ciddi xarakter daşıyan və bəşəriyyəti gözləyən faciələrdən, kataklizmlərdən xilas etmək üçün COP29 layihəsinə yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Bu Azərbaycan dövlətinin bəşəriyyət qarşısında verdiyi ən böyük töhfələrdən biridir. Təbii ki, həm də gücünün ifadəsidir. Bir sıra Qərb ölkələri riyakarlıq, ikiüzlülük edərək Azərbaycana qarşı bu platformadan siyasi təzyiq kimi istifadə etməyə və onu baykot etməyə çalışdılar. Lakin bacarmadılar. Cənab Prezident İlham Əliyevin dediyi kimi onlara pis xəbər verildi. Onların niyyəti iflasa uğradı. Dünyanın 196 ölkəsindən 72 min qeydiyyata alınmış iştrakçı, onlardan 80 Prezident, Vitse-Prezident və Baş Nazir səviyyəsində COP29-un təntənəli açılışı baş tutdu. Bir neçə gündür davam edən konfrans bu konfrans iştrakçıları tərəfindən ən yüksək qiymətini almaqdadır. Onu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan İqlim Dəyişikliyinin qarşısını almaq üçün bütün resurslarını, potensialını və maliyyə imkanlarını ortaya qoyur, bu konfransın Azərbaycanda keçirilməsinə mane olmağa çalışanlar isə təkcə Azərbaycana qarşı qərəzli və düşmənçilik mövqeyini nümayiş etdirmirlər, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının tədbirini boykot etməyə çalışırlar həm də bəşəriyyəti gözləyən iqlim dəyişikliyinin qarşısını almaq üçün təpki göstərirlər. Deməli anti-bəşəri fəaliyyətlərini ortaya qoyurlar. Budur Azərbaycanla bir sıra Qərb ölkələrinin Fransa, Hollandiya, İsveç, Norveçin fərqi. Beləliklə Azərbaycan bir daha beynəlxalq səviyyəli brend yaratdı.
Dövlətimizin gücü və geniş imkanları ilə bəşəriyyətə vermiş olduğu töhfələrlə bir vətəndaş kimi qürur hissi duyur, fəxr edirik. Ölkəmizin qazandığı növbəti uğur Azərbaycan dövlətinin, ölkə Prezidentinin və onun komandasının gücünün bütün dünyaya nümayişi oldu”.
Azad Vətən Partiyasının sədri Akif Nağı: “Mən hesab edirəm ki, COP 29 Azərbaycanın çox böyük uğuru oldu. Bu beynəlxalq bir tədbirdir, BMT-nin tədbiridir. 200-ə yaxın ölkə Azərbaycana etimad göstərdi və Azərbaycan da bu etimadı doğrultdu, yüksək səviyyədə təşkilatçılıq nümayiş etdirdi. Bakı şəhərində insanların davranışı yüksək səviyyədədir. Bugün mən metroda bir qrup gələn qonaqları da gördüm. Onlar hardasa 10-12 nəfər idi, yanlarında da tərcüməçi gəzirdi, maraqla baxırdılar. Çox maraqlı, çox qəşəng təşkil olunmuşdu. Qoyulan məsələlər də hesab edirəm ki, qlobal istiləşmə ilə bağlı dünyanı narahat edən bir məsələdir. Hələ müzakirələr gedir, qərarlar qəbul olunacaq, bundan sonra praktik addımlar atılacaqdır. Hər cəhətdən mən hesab edirəm ki, çox yüksək dərəcədə təşkil olundu, müsbət bir hadisədir. Azərbaycan Prezidentinin çıxışı da orada çox önəmli bir çıxış oldu, o cümlədən Azərbaycanın öz torpaqlarını azad etməsi, haqqının olması ilə bağlı, BMT təhlükəsizliyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı mövqeyini açıq şəkildə həm dövlətin, həm xalqın, həm öz mövqeyini ortaya qoydu”.
AĞ Partiyasının sədri Tural Abbaslı: “Cop 29 düşünürəm ki, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdən biridir və bu COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmizin dünyadakı imici üçün müsbət hal kimi qiymətləndirirəm. Çünki heç kəsə sirr deyil ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistan və onun müxtəlif ölkələrdəki lobbi təşkilatları, diaspora təşkilatları Azərbaycanı vəhşi və işğalçı bir dövlət kimi təqdim etməyə çalışırdı və bununla bağlı xeyli işlər görülmüşdü. Cop29 həm də Azərbaycanı olduğu kimi dünyaya göstərmək üçün bir fürsət kimi dəyərləndirmək lazımdır. Düzdür, indi müxtəlif tənqidlər və s. ola bilər, amma ümumi anlamda COP 29-un Azərbaycanda keçirilməsini müsbət hal kimi qeyd etmək lazımdır. Çünki beynəlxalq aləmdə müxalifət, iqtidar ayrı-seçkiliyi olmur, onlar adətən dövlət adından yanaşırlar. İstər Qarabağ məsələsində, istər belə məsələlərdə Azərbaycan adından yanaşırlar bu kimi məsələlərə. Bu iqtidardır, bu müxalifətdir kimi yanaşmırlar. Vahid mövqedən yanaşma olur. Ona görə də biz bu məsələdə Azərbaycanın uğurla çıxmasını arzulayırıq. Və bu günə qədər, yəni 2 gündür başlayıb, yüksək səviyyədə təşkil olunduğunu görürük. Düzdür COP 29-un müxtəlif tədbirlərinə indi partiyalar dəvət almayıb. Amma alsaq-almasaq da iştirak edərdik. Əsas odur ki, bu tədbirin dövlətin beynəlxaq imicinə müsbət təsiri olsun”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə