"İraq və Azərbaycan xalqı təmənnasız münasibətlərin inkişafında maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan diplomatiyasının bütün vacib istiqamətlərdə sağlam mövqeyinin olması dövlətimizi cazibə mərkəzinə çevirib. Odur ki, biz həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Ərəb Dövlətləri Liqası Təşkilatında da mühüm yer tuturuq. Bir müddət əvvəl Əlcəzairdə keçirilən 16-cı Ərəb Liqası Sammitində Azərbaycan Prezidenti dəvət almışdı. Dövlət başçısı İlham Əliyevin həmin sammitdəki çıxışı təkcə ərəb dünyasında deyil, bütün beynəlxalq cəmiyyət arasında çox böyük əks-səda yaratdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan beynəlxalq münasibətlərin inkişafında, yeni inteqrasiya sxemlərində dayanıqlı konfiqurasiyalar yaradır: "Bu ondan irəli gəlir ki, imperiya qüvvələrinə qulluq edən ölkələrdən fərqli olaraq biz sağlam münasibətlərin tərəfdarıyıq və bərabərhüquqlu yanaşmalara üstünlük veririk. Əgər böyük dövlət xırda bir məmləkətlə münasibət qurur və öz geosiyasi çəkisindən sui-istifadə edərək xeyir güdməyə çalışırsa, biz buna qarşı çıxırıq. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim üçün vacib olan əməkdaşlığın sağlam ruhda inkişaf etməsi və hər bir tərəfin maraqlarının nəzərə alınmasıdır. Bu baxımdan istər post-sovet məkanında, istər ərəb dünyasında, istərsə də islam birliyində bizim üzümüz ağ, alnımız açıqdır".

T.Abbasov bildirib ki, İraq təlatümlü dövrünü yaşayan məmləkətdir: "Uzun illər müharibələr yaşayıb və istilaların təzyiqini hiss edib. İndi isə İraq öz mövqeyini tənzimləyərək bir çox istiqamətlərdə əməkdaşlıq diskuslarını inkişaf etdirməyə çalışır. Bu mənada Azərbaycan da İraq üçün vacib ölkələrdən biridir. Təsadüfi deyil ki, xeyli vaxtdır ölkəmizdə İraq səfirliyi fəaliyyət göstərir. Eyni zamanda, İraqda da Azərbaycan səfirliyi var və çoxlu sayda soykökünə bağlı doğmalarımız yaşayır. Bu yaxınlarda İraq türkmənlərin böyük nümayəndə heyəti Azərbaycana gəlmişdi. Həmin heyətdə İraq parlamentinin nümayəndələri var idi. Onlar faktiki olaraq İraq dövlətinin siyasətini uzaq sahillərdə həyata keçirən siyasi liderlərdir. Azərbaycanda üç gün ərzində keçirilən görüşlər onu göstərir ki, İraq və Azərbaycan xalqı təmənnasız münasibətlərin inkişafında maraqlıdır. Bir halda ki, bizim aramızda məlumatlılıq bazası güclənəcək, deməli bu əməkdaşlıqdan böyük fayda əldə edə biləcəyik. Qarşılıqlı fayda varsa, deməli onu tənzimləyən etimad var. Odur ki, Bakı və Bağdad arasında son dərəcə etimadlı dialoqlar aparılır. Hesab edirəm ki, İraq Prezidentinin Azərbaycana səfəri həm münasibətlərimizin yeni keyfiyyət mərhələsinə qədəm qoyması, həm də hər iki dövlətin sülh tərəfdarı olması ilə bağlıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə