Tənhalıq hansı xəstəliklərə səbəb ola bilər..?

ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin alimləri tənhalığın insan sağlamlığına zərər verə biləcəyini müəyyən ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Health Psychology jurnalında məlumat verilib. Tədqiqat göstərir ki, uzun müddətli təklik hissləri ürək xəstəliyi riskini 29 faiz, insult riskini 32 faiz və demans (yaşlı insanlarda) 50 faiz artıra bilər.

Bundan əlavə, belə insanlar daha çox depressiya və digər psixi pozğunluqlarla üzləşirlər. Alimlər həmçinin müəyyən ediblər ki, hətta qısamüddətli tənhalıq hissi bu və ya digər şəkildə insanın fiziki vəziyyətinə təsir edir.

Bunun üçün onlar 35-65 yaş arası 1538 könüllü arasında sorğu keçiriblər. İştirakçılardan yaşadıqları hissləri bildirmələri və əhvalları ilə yanaşı stress səviyyələrini qiymətləndirmələri istəndi.

Məlum olub ki, tənhalıq yaşayanlarda yorğunluq, baş ağrısı, ürəkbulanma kimi əlamətlər müşahidə olunub.

Professor Devid Almeyda “...araşdırmalarımız göstərir ki, təklik hisslərində gündəlik dəyişikliklər belə insanın sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilər”.

Alimlər gündəlik rifahınıza daha çox diqqət yetirməyi və bu hissi yaşayanlar üçün sosial əlaqəni yaxşılaşdırmaq üçün strategiyalar hazırlamağı tövsiyə edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə