Bir saat 60 dəqiqədir, çünki...

Nə üçün bir saat 20 və ya 100 deyil, 60 dəqiqədir? Niyə bir sutkada 24 saat var? SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TRT "Türkiyənin səsi" radiosunun dinləyiciləri, bu günkü proqramda bir saatlıq müddətin niyə altmış dəqiqə olduğuna diqqət yetirəcəyik. Nə üçün bir saat 20 və ya 100 deyil, 60 dəqiqədir? Niyə bir sutkada 24 saat var? Çünki…

Yer kürəsinin öz oxu ətrafında fırlanması 1 gün, Günəş ətrafında fırlanması isə 1 il çəkir. Bu vahidlər planetimiz üçün sabit olsa da, hər planet üçün fərqlidir. Məsələn, Yupiter Günəş ətrafında fırlanmasını 4333 günə tamamlayır. Gün və il anlayışları insan şüurundan asılı olmayan kosmoloji hadisələrdir. Bəs saatlar, günlər, həftələr?

Zaman vahidləri bəşər sivilizasiyasının ixtirasıdır. İnsanlar bir yerdə məskunlaşaraq özlərinə sığınacaq düzəltdilər, kənd təsərrüfatı ilə məşğul oldular, yemək, içmək kimi əsas ehtiyaclarını əldə etdilər. Qədim dövrlərdə Mesopotamiya və Misirdə yaşayan insanlar həm gündəlik tələbatın hesab-kitabından, bəziləri də sırf maraqdan bugünkü riyaziyyatın əsasını qoydular.

Təxminən 2300 il əvvəl - Yerin çevrəsinin təxmin edildiyi zaman qədim Yunanıstanda vaxtın ölçülməsində mühüm addım qeydə alındı. Babil sivilizasiyasının inkişaf etdirdiyi altmışlıq sayma sistemi o dövrdə ümumi idi. Təxmin edilən nəticə enlik dairələrini yaratmaq üçün altmışa bölünürdü. Dairənin daxili bucaqları 360 dərəcə hesablandığı üçün çevrə 360 dərəcəyə, 1 il 360 günə, 1 saat 60 dəqiqəyə, 1 dəqiqə 60 saniyəyə bərabər hesab edilir. 60 rəqəmi hesablamalarda böyük rahatlıq təmin edir, çünki onu 2, 3, 4, 5, 6, 10, 12, 15, 20 və 30-a qalıqsız bölmək olur.

Bu gün vaxtın ölçülməsində metrik və onluq sistemlər daha çox istifadə olunsa da, saatların 60 dəqiqə və dəqiqələrin 60 saniyə olması ənənəyə əsaslanan bir təcrübədir. Bəşəriyyət tarixi boyu inkişaf etdirdiyi saat və təqvim sistemləri də buna əsaslanır. Beləliklə, gəldiyimiz nəticə budur ki, “Bir saat 60 dəqiqədir, çünki günü bölməyi düşünən ilk alimlər bunu belə seçmişlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə