Şokoladlı peçenye necə meydana gəlib?

Şokoladlı peçenyelər İkinci Dünya Müharibəsində iştirak edən Amerika əsgərləri üçün xilasedici kimiydi. Döyüş meydanındakı gərgin qarşıdurmalar zamanı yeməyə imkanı olmayan əsgərlər müharibədən sonrakı xatirələrində tez-tez aclıqlarını çantalarındakı peçenye sayəsində yatırdıqlarını yazıblar. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şokoladlı peçenyelərin çox da uzun olmayan bir tarixi var. 1929-cu il iqtisadi böhranı zamanı ortaya çıxıb. ABŞ-da başlayan və dalğalar şəklində Avropa qitəsinə, sonra isə bütün dünyaya yayılan iqtisadi böhran ölkədə ciddi işsizliyə səbəb olunca ailələrin yemək mədəniyyəti kökündən dəyişdi. Amerika ailələri mətbəxlərində artıq evdar qadınlar ət yeməklərini azaltdılar, qəlyanaltılarla qane olmağa çalışdılar, uşaqlar isə peçenyelərə üstünlük verdi. Peçenye tez bir zamanda Amerika yemək mədəniyyətində qəhvə və südün əvəzsiz yoldaşı kimi öz yerini tutdu.

Şokoladlı peçenye necə ortaya çıxıb? İqtisadi böhranın artdığı XX əsrin 30-cu illərin əvvəllərində "Toll House" restoranını işlədən Kennet və Rut Ueykfild (Kenneth & Ruth Wakefield) ailəsi qəhvələri yanında müştərilərinə müxtəlif növ peçenyelər hazırlasalar da, məmulat qıtlığı üzündən müxtəlif məhsulları qarışdıraraq yeni dadlar yaradırdılar. Rutun ən məşhur peçenyesi fındıq idi, amma bir gün baxdı ki, mətbəxində bir dənə də fındıq qalmayıb. İki gün əvvəl hazırladığı şokoladlı desertdən kiçik qırıntılar qalmışdı, onları peçenye xəmirinin üzərinə səpərək sobaya qoydu və ortaya şokolad qırıntılı peçenye çıxdı. Digər iddia isə odur ki, şokolad qırıntıları peçenye xəmirinə təsadüfən düşüb və məmulatı atmaq istəməyən Ueykfild ailəsi peçenyeləri özləri yeyib. Belə ki, Kennetə qəhvə və dondurma yanında şokoladlı peçenyelərdən verən Rut ərindən “əla” qiymət alınca bu yeni məhsulu müştərilərinə təklif edib. Orijinal adı ingiliscə "Chocolate Crunch Cookie" olan bu yeni və ucuz ləzzət qısa zamanda böyük marağa səbəb olub, hətta ölkədə dövrün məşhur radio proqramında haqqında belə danışılıb.

Şokoladlı peçenyelərin patent hüquqlarını da əldə edən Kennet və Rut Ueykfild ailəsi təxminən 10 il sonra bu hüquqları məşhur şokolad markası “Nestle”yə satıblar.

Amerikalılar üçün şokoladlı peçenyelərin başqa bir mənası da var. Cəmiyyətin unuda bilmədiyi sosial yaralara dərman olan şokoladlı peçenye özünün ən böyük sıçrayışını İkinci Dünya Müharibəsinə borcludur. Müharibəyə “Pearl Harbor” basqını ilə girən Amerika ordusu əsgərlərinə quru çərəzlər yerinə bu peçenyeləri göndərməyə başladı. Əsgərlər uzun sürən münaqişələr zamanı isti yemək həsrətini peçenye ilə qarşılamalı oldu. Bir gün ABŞ Müdafiə Nazirliyinin peçenyelərə tələbatı o qədər artdı ki, bir neçə fabrik yalnız əsgərlər üçün şokoladlı peçenye istehsal etməyə başladı. Müharibə bitəndən sonra evə qayıdan əsgərlər ağızlarında qalan bu dadı evlərində də istədilər. Anaları, xanımları mətbəxdə o qədər şokoladlı peçenye bişirdilər ki, dövrün məşhur şirniyyatı olan almalı tort gözdən düşdü.

Beləliklə, təsadüfən kəşf edilsə də, şokoladlı peçenye Amerika vətəndaşları üçün sadəcə bir peçenye deyil, həm də böyük iqtisadi depressiyadan və milyonlarla insanın həyatını itirdiyi İkinci Dünya Müharibəsindəki acı xatirələrdən bir mirasdır. Bu gün artıq resepti çox asan olan bu şokoladlı peçenyelər dünyanın bütün mətbəxlərinə girib və özünəməxsus yer tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə