"Süni günəş" rekord qırıb...

Cənubi Koreyada "Süni günəş" adlanan KSTAR nüvə reaktoru 100 milyon dərəcə selsi temperaturunda 48 saniyə işləyərək dünya rekordu qırıb.

SİA xəbər verir ki, CNN-in məlumatına görə, Koreya Fusion Enerji İnstitutu alimlərinin məqsədi karbon çirklənməsinə səbəb olmayan, təmiz enerji mənbəyi olan nüvə sintezi texnologiyasını inkişaf etdirmək üçün KSTAR nüvə reaktorunu 100 milyon dərəcə selsi temperaturunda mümkün qədər uzun müddət işlətməkdir.

Araşdırmalarda Günəşin və digər ulduzların parlamasına səbəb olan reaksiyalar təqlid edilir və qeyri-adi dərəcədə yüksək temperaturlar yaradılır.

Alimlər plazmanı Günəşin nüvəsindən 7 dəfə yüksək olan 100 milyon dərəcə temperaturda 48 saniyəyə işlətməyə nail olublar. Beləliklə, 2021-ci ildə müəyyən edilmiş 30 saniyəlik əvvəlki dünya rekordu geridə qalıb.

KSTAR Araşdırma Mərkəzinin direktoru Si-Vu Yun belə yüksək temperatura davam etməyin asan olmadığını qeyd edərək bu son rekordun əhəmiyyətini vurğulayıb və 2026-cı ilə qədər reaktoru 300 saniyə işlətməyi düşündüklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə