“Covid-19”dan sonra orta ömür uzunluğu təxminən 1,5 il azalıb

"Covid-19” – koronavirus epidemiyası nəticəsində 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığı məlum olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

1950-2021-ci illər arasında 195 ölkədə ölüm nisbətləri və gözlənilən ömür müddətini, habelə sorğulardan, siyahıyaalmalardan və digər mənbələrdən əldə edilən məlumatları Qlobal Xəstəlik Yükü (GBD) qurumu təhlil edib.

Vaşinqton Universiteti Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun (İHME) təhbərliyilə aparılan araşdırmada 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğunun 1,5 ildən çox azaldığı və keçmiş artımların kəskin şəkildə geri çəkildiyi müəyyən olunub.

İHME-nin tədqiqatçılarından olan Ostin E.Şumaxer (Austin E.Schumacher) “Covid-19” epidemiyasının bütün dünyada böyüklər üzərində daha çox təsir göstərdiyini söyləyərək deyib: "Epidemiya zamanı ölkə və bölgələrin 84 faizində gözlənilən ömür uzunluğu azaldı. Bu vəziyyət yeni patogenlərin dağıdıcı potensial təsirlərini ortaya qoyur."

Qeyd edək ki, gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.

Araşdırmanın təfərrüatları "The Lancet" jurnalında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə