Bəzi şeylərdən qorxmaq lazımdır, çünki...

Bu gün mənfi mənalı bir duyğu olan qorxu haqqında danışmaq istəyirik. Qorxunun bioloji və psixoloji səbəbləri var ki, həyatımıza ağır təsir göstərir. Bəzi şeylərdən qorxmaq lazımdır, çünki …

SİA-nın da qeyd etdiyi kimi, qorxu təkcə insanların deyil, digər canlıların da yaşamaq uğrunda mübarizəsində mühüm rol oynayan reaksiyadır.

Əslində qorxu orqanizmin təhlükəli vəziyyətlərə qarşı ayıq olmasını təmin edir. Bu reaksiya təhlükə zamanı tez tədbir görməyə imkan verir. Qorxu təbii müdafiə mexanizmidir və canlıların təhlükəli vəziyyətlərdən qurtulmasına kömək edir. Deməli, biz qorxuruq, çünki yaşamaq istəyirik.

Təhlükə zamanı orqanizmdə müxtəlif reaksiyalar yaranır. Məsələn, adrenalin və noradrenalin kimi stress hormonlarının ifrazı ilə ürək döyüntüsü artır. Daha sürətli döyünən ürək bədəni tez bir zamanda oksigen və qida maddələri ilə təmin edərək onu enerjidən istifadəyə hazır edir. Bundan əlavə, qorxu zamanı əzələlərdə gərginlik daha çevik hərəkətlərə, tərləmə isə bədən istiliyinin tənzimlənməsinə imkan verir.

Qorxu qrup daxilində fərdləri təhlükələr barədə xəbərdar edir və əməkdaşlığı artırır. Fərdlərin bir araya gələrək təhlükəli vəziyyətdə birlikdə hərəkət etməsi qrupun müdafiə qabiliyyətini çoxaldır. Təbii həyatın bioloji müdafiəsini təmsil edən bu vəziyyət həm fiziki, həm də emosional olaraq əsasən insanlar üçün keçərlidir. Cəmiyyətlər təbii və ya humanitar qorxular qarşısında təhlükəyə birlik bağlarını gücləndirir.

Psixologiya və fəlsəfə elmlərinin dərindən maraqlandığı, hələ də araşdırdığı qorxu hissi həddindən artıq və ya daimi olduqda narahatlıq pozuqluğu yaradır ki, insanın dincliyini əlindən alır və problemlərə səbəb olur. Ona görə də həyatda bəzi şeylərdən qorxsaq da, bu ağır hissi idarə etməyi, iradəli olmağı, çevik və düzgün qərarlar verməyi öyrənməliyik ki, həyatın mübarizə yollarında axsamayaq, uduzmayaq, düşəndə qalxmağı bacaraq, insan kimi yaşayaq, yaradaq.

Bütün xəbərlər Facebook səhifəmizdə