Xırçıltılı qarğıdalı lopaları

Səhər yeməyində şirin, duzlu və ədviyyatlı olmaqla xəmir və dənli məhsullar da süfrənin vazkeçilməzidir. Ancaq bəzən səhər yeməyində hazır mıhsullara da üstünlük veririk, xüsusilə uşaqlarını məktəbə aparmalı olan, işləyən valideynlər və ya pəhriz saxlayanlar üçün. İlk istehsalından sonra bir çox ölkədə məşhur səhər yeməyi çevrilən qarğıdalı lopasının da maraqlı hekayəsi var. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qarğıdalı lopaları, yəni qarğıdalı xırç-xırçları yemək bişirməklə heç bir əlaqəsi olmayan Kelloq qardaşlarının ixtirasıdır. ABŞ-ın Miçiqan ştatında anadan olmuş Con Harvi Kelloq (John Harvey Kellog) və qardaşı Uilyam Keyt Kelloq (William Keith Kellog) xərçəng xəstələrinin müalicə olunduğu xəstəxanada birlikdə işləyirdilər. Həkim olduğu qədər dietoloq da olan Con Harvi bir çox xəstəsinin müalicə zamanı yemək yeməkdə çətinlik çəkdiyini görür, asanlıqla yeyə biləcəkləri məhsullardan ibarət fərqli menyular sınaqdan keçirir. Cəhdləri nəticə vermir. Bir gün mətbəxdə həyat yoldaşı Ellanı seyr edərkən təsadüfən problemin həllini tapır.

Ella Kelloq çörək bişirmək üçün mətbəx masasında qarğıdalı unu xəmirini yayırdı. Ərindən xahiş edir ki, qalan kiçik qırıntılar boş yerə getməsin deyə onları oxlovla mümkün qədər incələyib sobada yüksək temperaturda bişirsin. Fırından çıxan məhsul xırçıltılı idi. Həkim Con Harvi bu yeni məhsulun üzərinə süd tökür, qarışdırır. Yumşalan məhsulu bəyənir, sonra xəstələrinə verir, istədiyinə nail olur.

Qardaşı və eyni zamanda, xəstəxananın direktoru Uilyam Keyt Kelloq məsələyə kommersiya prizmasından yanaşaraq məhsulu ictimaiyyətə təqdim etmək qərarına gəlir. Con isə məhsulun patentini 1896-cı ildə öz adına qeydiyyatdan keçirir. Bundan sonra onunla qardaşı arasında hüquqi döyüş başlayır, lakin iki qardaş sonradan ortaqlıq quraraq bu böhranı həll edirlər.

Qarğıdalı lopaları gözəl idi, lakin dadsız və duzsuz olduğundan yemək çox da xoş deyildi. Uilyam Keyt qarğıdalı lopalarının xüsusilə uşaqlar tərəfindən bəyənilməsi üçün məhsula şəkər əlavə etdi və 1906-cı ildən şirinləşdirilmiş qarğıdalı lopalarını satmağa başladı. Lakin qardaşı Con şəkərli qarğıdalı lopalarına qarşı çıxdı və iki qardaşın arası yenidən dəydi.

Amerikada işləyən qadınların sayının sürətlə artması xərçəng xəstələrinə təsadüfən verilən qarğıdalı lopalarını məşhur səhər yeməyinə çevirdi.

Zaman keçdikcə sağlamlığa təsirləri ilə bağlı ciddi müzakirələrin getdiyi qarğıdalı lopalarına yavaş-yavaş bal, kakao, quru meyvə və qoz-fındıq əlavə olundu, südlə qarışdırılaraq yeyildi. Sağlam məhsul olaraq qəbul edilən qarğıdalı lopaları bir çox yemək və içkilər kimi həddindən artıq qəbul edildikdə təbii ki, faydası olmur, zərəri olur. Ona görə də, el diliylə desək, hər şey qədərində gözəldir, faydalıdır, sağlıqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə