“TikTok” Montana ştatı administrasiyasını məhkəməyə verdi

“TikTok” sosial şəbəkəsi ABŞ-da eyni adlı tətbiqi ilk dəfə tam qadağan edən Montana ştatının administrasiyasını məhkəməyə verib.

SİA-nın əldə etdiyi məlumata görə, ABC telekanalı xəbər verir ki, sosial şəbəkənin iddiasına görə, qadağa ABŞ konstitusiyasının söz azadlığını təmin edən birinci düzəlişinə ziddir.

“Biz biznesimizi və yüz minlərlə istifadəçinin hüququnu qorumaq umun Montana ştatında “TikTok” şəbəkəsinin konstitusiyaya zidd qadağasını mübahisələndirəcəyik”, - deyə məhkəmə sənədində bildirilir.

Xatırladaq ki, ştatın yerli qanunverici orqanının aprel ayında müəyyənləşdirdiyi yeni qaydaya əsasən, ştat ərazisində “TikTok” tətbiqini telefona yükləmək qadağan edilib. Beləliklə, onlayn-mağazalarında tətbiqə girişi bağlamayacağı təqdirdə “Apple” və “Google” kompaniyaları cərimə olunacaq. Qadağa 2024-cü il yanvarın 1-də qüvvəyə minəcək.

Ümumiyyətlə, ABŞ ştatlarının yarıdan çoxu xidməti telefonlarda “TikTok” tətbiqindən istifadəni qismən və ya tam qadağan edib. Birləşmiş Ştatların hakimiyyət orqanları məxfi məlumatların rəsmi Pekinin əlinə keçəcəyindən ehtiyatlanır.

Qeyd edək ki, qısa videoların yerləşdirilməsi üçün istifadə olunan “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, onun beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Sahibi Çinin “ByteDance” texnologiya kompaniyası olan şəbəkənin Birləşmiş Ştatlarda 150 milyondan çox istifadəçisi var.

Bütün xəbərlər Facebook səhifəmizdə