Tez-tez tərləmə nədən xəbər verir? - HƏKİM İZAH ETDİ

"Tərləmə prosesi orqanizmdə mübadilə nəticəsində artıq mayenin böyrəklərdən sidik çıxarıcı yollarla xaric olunması kimi dəri vasitəsilə də xaric olunmasıdır". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

Həkim bildirib ki, artıq tərləmənin səbəbi orqanizmdəki mübadilə prosesinin tezləşməsinə bağlıdır: "Çünki insan adətən təngnəfəs olanda, güclü fiziki iş zamanı tərləmənin miqdarı artır, bu da orqanizmdə gedən maddələr mübadiləsinin artıq dərəcədə olmasına əsasən baş verir. Ümumiyyətlə, dərimiz də drenaj funksiyası daşıdığı, limfa drenaj üzvlərimizdən olduğu üçün dəri vasitəsilə tərləmə prosesi həyata keçir. Adətən soyuqdəymə hallarında olan tərləmə tamam başqa, fiziki yüklənmə vaxtı olan tərləmə də başqa olur. Amma hər ikisi orqanizmdə gedən mübadilə nəticəsində olur.

Tərləmə yaxşı bir prosesdir. Orqanizmdən toksinlərin, artıq duzların bədəndən çıxması, bədəndən tər vasitəsilə kənara atılmasıdır. Ümumiyyətlə, dəri təmiz saxlanmalıdır. Hər çıxan tər bədəndən yuyulmalıdır, dərinin məsamələri təmiz olmalıdır ki, dərinin tərləmə, su ifraz etmə prosesi normal baş başa çatsın. Yayda havanın isti olması ilə bağlı bədəndəki duz-su mübadiləsinə uyğun tərləmə prosesi daha çox baş verir. Tərləmə normal prosesdir.

Orqanizmdə immun sistemi zəif olduğu halda belə tez-tez tərləmə baş verir. Bu artıq orqanizmin zəifliyini göstərir. Normalda tez-tez tərləmə hava axını olan yerlərdə soyuqdəymə halları ilə nəticələnə bilər. İsti havadan çıxıb soyuq havaya daxil olarkən tərli orqanizmə soyuğun daxil olması iltihablaşma hallarının tez-tez baş verməsi kimi xəstəliklərə səbəb olur. Ona görə də həddindən artıq tez-tez tərləmələr ziyanlı sayılır. Çox tərləmədə orqanizmin zəifliyini nəzərə alaraq ona qarşı da müalicə tətbiq olunması və səbəbi araşdırılaraq həkim nəzarəti ilə aradan qaldırılması şərtdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə