Hindistanın baş naziri Narendra Modi dünən Ukraynanın paytaxtı Kiyevə rəsmi səfəri zamanı sülh mesajı verib və danışıqlar masasına işarə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Modi 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan edən Ukraynaya səfər edən Hindistanın ilk baş naziri olub.

Ötən gün Polşadan qatarla Kiyevə gedən Modi Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb. Zelenski Hindistanın baş nazirini Rusiya-Ukrayna müharibəsində həyatını itirən uşaqların xatirəsinə açılan sərgiyə aparıb.

Sərgi turundan sonra rəsmi görüşlər keçirilib. Danışıqlar zamanı Hindistan tərəfinin Kiyev-Moskva münaqişəsində neytral mövqe tutmağa çalışdığı bildirilsə də, Modi açıqlamalarında dialoq yolu ilə həll yolunu vurğulayıb. Səfərinin iki ölkə arasındakı əlaqələri yaxşılaşdıracağını ifadə edən Modi Ukraynanın dost və tərəfdaş ölkəsi olaraq bu müharibəni ən qısa zamanda bitirmək üçün ən qısa yolu tapmağı müzakirə edəcəyini, tərəflərin mümkün qədər tez birbaşa danışıqlara başlamalı olduqlarının vacibliyini bildirib.

Zelenski yaxın aylarda keçirilməsi planlaşdırılan ikinci Ukrayna sülh sammitində Hindistandan fəal iştirak gözlədiklərini söyləyib. Hindistan iyun ayında İsveçrədə nazirlər səviyyəsində keçirilən sülh sammitində iştirak edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə