"Rusiya-Azərbaycan münasibətlərində yeni bir dövrün yaşandığının şahidiyik" - MÜNASİBƏT BİLDİRİLDİ

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu dəfəki səfəri Rusiya üçün çox kritik bir vaxta təsadüf etdi. Həm bütövlükdə dünyada olan geosiyasi vəziyyət, eyni zamanda Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu və orada artıq Rusiya üçün heç də yaxşı olmayan nəticələrin ortada olduğu bir dövrdə Vladimir Putin Bakıya gəldi. Bu məsələ bir sıra yerli və beynəlxalq ekspertlərin diqqətində idi ki, necə ola bilir ki Rusiya üçün bu gərgin günlərdə ölkənin başçısı hərbi şəraitə birbaşa nəzarət edən şəxs olaraq həmin məsələni başqalarına həvalə edib Azərbaycana səfər edə bilib. Yəni bu səfərin Rusiya üçün önəmini göstərirdi ki, ən kritik məqamda belə Putin Bakıya səfərə üstünlük verdi, bunu əsas götürdü". Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Aqil Camal sözlərinə belə davam edib: "Bu baxımdan Rusiyanın Azərbaycana nə qədər önəm verməsini biz görürük və görünür ki, bu səfər sıradan bir səfər olmayıbdır. Ən yaxşı halda bunu başqa bir vaxta keçirə bilərdilər. Çünki hal-hazırda Rusiyada doğrudan da təkcə adını qeyd etdiyimiz Kursk vilayətində deyil, bir çox bölgələrində hal-hazırda fövqəladə vəziyyət hökm sürür. Ukraynanın müxtəlif istiqamətlərdə hücumu davam edir. Bu baxımdan Rusiya prezidentinin Azərbaycana səfər etməsi dünya mediasında da çox ciddi şəkildə müzakirə olundu.

Həqiqətən də artıq Rusiya-Azərbaycan münasibətlərində biz yeni bir dövrün yaşandığının şahidiyik. Bəlkə də bu təkcə son 30 il və yaxud da son 100 illə deyil, bütövlükdə Rusiyanın şərqə və yaxud da Rusiyanın Qafqazlılara maraq göstərdiyi dövrdən bəri ilk dəfə olaraq münasibətlərdə yeni baxışın ortaya çıxdığını göstərir. Bu da nədən ibarətdir. Əgər bizim klassik yaddaşımızda zaman-zaman Rusiyanın Azərbaycanı öz təsiri altına alması, müstəmləkəyə çevirməsi daim Azərbaycana düşmənçilik mövqeyində durmasıyla bağlı fikirlər təbii olaraq yaddaşımızın alt qatlarında özünə yer tapıb. Amma bugün Azərbaycanın, Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsində artıq Rusiya Azərbaycanı Qafqazda özünə qarşı olan bir dövlət kimi, bir toplum, bir xalq kimi görmür. Düşünmür ki, artıq bugün Azərbaycan dünyada formalaşdırılmağa çalışılan anti-rusiya blokunda yer ala bilər, ona kürəyindən bıçaq saplaya bilər. Biz bunu ermənilərin və Ermənistanın simasında görürük. Çünki Qafqazda erməniləri söz sahibi edən, ermənilərə dövlət quran, onlara illərlə hamilik etmiş ruslar və Rusiyaya üz döndərən və bugün açıq şəkildə qərb blokunda yer alaraq Rusiyadan uzaqlaşma xəttiini tutan ermənilərdir. Bu baxımdan Azərbaycan xalqı Azərbaycan dövlətinin timsalında qonşuluq prinsiplərinə sadiq qalaraq ən azından bizdən Rusiyaya hər hansı bir zərər gəlməyəcəyi məsələsində öz əminliyini ifadə edir və bununla bağlı artıq Rusiyada Putin səviyyəsində də bir əminlik hasil olubdur. Onlar Azərbaycanla həm bərabərhüquqlu tərəfdaş kimi davranırlar, eyni zamanda düşünürlər ki, Cənubi Qafqazda Azərbaycan Rusiyaya qarşı olan planlarda iştirak etməyəcəkdir.

Digər məsələ isə Azərbaycanlıların dünyada ən çox yaşadığı və çalışdığı ölkələrdən biri də Rusiyadır. Ümumiyyətlə, Rusiyadan il ərzində ölkəmizə insanların yaşamına təsir edəcək səviyyədə müəyyən maddi və yaxud da maliyyə resursları daxil olur. İllərlə formalaşmış birgə iqtisadi əlaqələr var və bu əlaqələr yeni dövrdə də yeni kommunikasiyalarla daha da zənginləşdirilir. Bu mənada düşünürəm ki, istər Azərbaycanda, istərsə də Rusiyada köhnədən qalan stereotiplərdən yavaş-yavaş uzaqlaşmaq və bərabərhüquqlu prinsiplərə dayanan mehriban qonşuluq prinsiplərinə söykənən əsaslarla yola birgə davam etmək lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə