“Aİ Rusiya qazı olmadan yaşamağa hazırdır”

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki ...

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Aİ Ukrayna tranzit marşrutu ilə tədarük edilən Rusiya qazı olmadan yaşamağa hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, Avropanın enerji transformasiyasında atdığı addımların qiymətləndirildiyi "Aİ Enerji Birliyi 2024" hesabatı ilə bağlı Brüsseldə mətbuat konfransı keçirilib.

Aİ-nin son iki ildə bərpa olunan enerjinin quraşdırılmasında sürətlə irəlilədiyini xatırladan K.Simson deyib: “2024-cü ilin ilk yarısında külək və günəş enerjisi ilk dəfə elektrik istehsalında qalıq yanacaqları geridə qoyaraq yeni bir rekorda imza atdı. Bərpa olunan enerji mənbələrindən geniş istifadəni təmin etmək üçün bazar inteqrasiyası, şəbəkə və infrastruktur investisiyaları vacibdir.

Rusiya yanacaqlarından onilliklər boyu davam edən asılılığa son qoymağı bacardıq. Keçmişdə Aİ Rusiyadan hər il 150 milyard kubmetr qaz idxal edirdi, lakin hazırda bu rəqəm 50 milyard kubmetrin altına düşüb. Rusiyadan asılılığımız 2021-ci ildəki 45 faizdən keçən il 15 faizə düşüb.

Aİ qaz çənləri planlaşdırılan 2024-cü il 1 noyabr tarixindən həftələr əvvəl 90 faiz doluluğa çatıb. Avropa 2022-2024-cü illər arasında qaz istehlakını 18 faiz azaldıb.

Biz Avropanın enerji təchizatının təhlükəsizliyini təhdid etmədən Rusiya qazından mərhələli şəkildə imtinanı başa çatdırmaqda qərarlıyıq.

Aİ Ukrayna tranzit yolundan Rusiya qazı gəlmədən yoluna davam etməyə hazırdır”.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson onu da bildirib ki, Avropada enerji hələ də çox bahadır. Yüksək enerji qiymətləri Avropanın beynəlxalq rəqabət qabiliyyətinə, xüsusən də Çin və ABŞ-a qarşı təsir edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə