“Azərbaycanda COP29-a hazırlıq yüksək səviyyədə aparılır“ - ŞƏRH EDİLDİ

“COP29 iqlim dəyişiklikliyi ilə bağlı qlobal bir konfrans olmaqla yanaşı, eyni zamanda böyük siyasi tədbirdir və siyasi əhəmiyyəti vardır. COP-lar BMT çətiri altında keçirildiyindən siyasi qütblərə bölünən ölkələrdən, kiçikliyindən, böyüklüyündən və siyasi baxışından aslı olmayaraq bütün dövlətləri bir araya gətirən bir platformadır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

O bildirib ki, dünyanın aparıcı liderləri, beynəlxalq təşkilatlarının diqqəti 10 gün ərzində COP-da müzakirə olunan məsələlərin həllinə yönəlir. Çünki COP-da müzakirə olunan və həlli gündəmdə olan iqlim məsələləri bütün planeti və ölkələri narahat edən məsələlərdir, bunlar bir-biri ilə çox sıx bağlıdır. Məhz böyük ölkələrin ərazisinə düşən emissiya istixanaların azaldılması məsələsində əsas güzəştlər əldə olunmadığından bu qlobal forum davamlı şəkildə keçirilir.

COP-da qoyulan hədəflər kifayət qədər ciddi, planetin ekoloji vəziyyətini və iqlimi xilas etməyə yönələn məsələlərdir. Burada dövlətlərin mövqeləri ilə yanaşı, yerli icmaların, vətəndaş cəmiyyətinin, biznes dairələrinin fikirləri nəzərə alınır və onlar bu platformaya cəlb olunur. Azərbaycan da məhz bu prinsiplərə sadiq qalaraq COP29-un təşkilati məsələlərində inkluzivliyi nəzərə alır, tədbir öncəsi vətəndaş cəmiyyətinin, qadınların və gənclərin və digər işgüzar dairələrin hazırlıq prosesində iştirakına dəstək verir, COP29 çərçivəsində beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının görüşləri təşkil olunur. COP29 qabağı bir sıra beynəlxalq müzakirələrin keçirilməsi də nəzərdə tutulur, bu isə onu göstərir ki, Azərbaycanda COP29-a hazırlıq yüksək səviyyədə aparılır, cəmiyyətin əksər hissəsi könüllü şəkildə səfərbər olub və cəmiyyətin bütün fəal təbəqələri bu prosesdə yaxından iştirak edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə