Yaşar Musayev ilə görüş keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Almaniyada fəaliyyət göstərən Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, “Şeffler” şirkətinin senior vitse-prezidenti, texnika elmləri doktoru, professor Yaşar Musayev ilə görüş keçirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və möhtəşəm COP-29 tədbiri ilə əlaqədar "Yaşıl enerji istehsalında problemlər və perspektivlər" mövzusunda seminar-məruzə xarakteri ilə keçirilən bu görüşdə ADPU-nun Quba filialının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, yerli ictimaiyyətin təmsilçiləri, o cümlədən şəhid ailələrinin nümayəndələri və qazilər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-nun Quba filialının müəllimi Kəmalə Bayramova professor Yaşar Musayevin bioqrafiyası ilə iştirakçıları tanış edəndən sonra məlumat verib ki, görüşün məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP-29 (Tərəflərin Konfransı-29) barədə fikir və düşüncələrini çatdırmaqdır.

Sonra Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bu gününə, eyni zamanda, Azərbaycan sevdalı alim, diaspor təşkilatçısı Yaşar Musayevə həsr olunmuş “Yaşar Musayev ömrünün həmişəyaşar təntənəsi” mövzusunda fotorolik efirdə nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən beynəlxalq münasibətlər strategiyası çərçivəsində formalaşan Azərbaycan-Almaniya əlaqələrinin Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində daha dinamik müstəvidə inkişaf etdiyini xatırladan ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev çıxışında professor Yaşar Musayevin zəngin mənalı həyat və fəaliyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycanlıların elm, ictimai həyat, eləcə də diaspor sahəsindəki fəallığı Azərbaycan-Almaniya münasibətlərinin yüksəlişinə özünəməxsus təsir göstərir.

Yaşar Musayevin elm və diaspor sahəsində göstərdiyi xidmətlərə görə hər zaman geniş ictimaiyyətin diqqətində olduğunu bildirən direktor Yusif Alıyev vurğulayıb ki, 2022-ci ildə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə, Yaşar Balabəy oğlu Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi görkəmli alimin əməyinə dövlətimiz tərəfindən verilən layiqli qiymətdir.

Azərbaycanın COP-29, yəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinin məram və məqsədlərindən danışan dosent Yusif Alıyev son illər dünyanın fikir və düşüncə mərkəzinə çevrilən Bakı bu tədbir sayəsində dünya ictimaiyyətinin diqqətini yenidən qlobal bir mövzuya çevirməyə nail olub. Görülən işlər nəticə olaraq dünyanın bütün aparıcı qurumlarını fəal şəkildə prosesə cəlb edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər ev sahibliyi etdiyi bir sıra beynəlxalq tədbirlər sayəsində qlobal problemlərin həllinə böyük töhfələr verib. COP-29 tədbirinin qarşıya qoyduğu vəzifələr bu istiqamətdə daha mühüm xarakter daşıyır.

Texnika elmləri doktoru, professor Yaşar Musayev COP-29 tədbirinin qarşıya qoyduğu qlobal vəzifələr, yaşıl enerjinin bu günü, sabahı, eləcə də Avropadakı Azərbaycan diasporunun fəaliyyəti barədə çıxış edərək Azərbaycan dövlətinin uğurlu beynəlxalq əlaqələrindən danışıb.

Onun dərin məzmunlu çıxışı və elmi mühakimələri hərarətli alqışlarla qarşılanıb.
Professorun çıxışından sonra təxminən 90 dəqiqə davam edən sual-savabda ADPU-nun Quba filialının professor-müəllim heyətinin mövzu ətrafında peşəkar yanaşma sərgiləməsi bir daha təsdiq etdi ki, qlobal istiləşmə, iqlim dəyişikliyi, beynəlxalq enerji böhranı kimi ümumbəşəri məsələr hazırda insan cəmiyyətini narahat edən ən ciddi problemlər sırasında yer alır. Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməklə bütün bu problemlərin qlobal məkanda kompleks həllinə töhfə verməyə çalışır.

Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsini tarixi nailiyyət kimi dəyərləndirən alim əminliklə bildirib ki, ölkəmizin bundan əvvəl keçirdiyi dünya əhəmiyyətli tədbirlərdə qazanılan təcrübələrin bu konfransda tətbiqi beynəlxalq aləm tərəfindən böyük maraqla qarşılanacaq.

Çıxışında "Yaşıl hidrogen" prosesinin ümumdünya faydalılığına geniş yer ayıran professor Yaşar Musayev diqqətə çatdırıb ki, yaşıl enerji istehsalında iridium elementinin təkrar emalı onun təbiətə mənfi təsirinin qarşısının alınmasında mühüm və vacib əhəmiyyətli məsələdir.

Azərbaycan diaspor təşkilatlarının Avropanın ictimai ailəsində yeri və rolu mövzusunda fikir və mülahizələrini bölüşən alim qeyd edib ki, milli diasporçuluğun yaranması, formalaşması və təşəkkülü istiqamətində ulu öndər Heydər Əliyevin qarşımızda qoyduğu hədəflərə doğru getmək əsas prioritetimizdir. Prezident İlham Əliyev bu sahədə dinamizmə nail olmaq üçün daha mühüm hədəflər müəyyən edib.

Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova görüşə dəvət olunduğu üçün və dəyərli mülahizələrini bölüşdüyünə görkəmli alimə dərin təşəkkürünü ifadə edib.
Şair Ramiz Qusarçaylı Anadolu türkcəsində yenicə çapdan çıxmış “Vətən” poeması kitabını professor Yaşar Musayevə hədiyyə edib dəyərli fikir və mühakimələrinə görə minnətdarlığını çatdırıb.

"AQSİA"-nın üzvü olan Azərbaycan və Almaniya İqtisadiyyat Nazirliyinin sertifikatlı headhunteri Sevda Quliyeva çıxış edərək professor Yaşar Musayevin uğur və nailiyyətləri, eləcə də öz fəaliyyəti barədə fikir və düşüncələrini bölüşüb. Sevda Quliyevanın təqdimatda insan resurslarının idarə olunması, karyera qurmaq kimi məsələlərdən bəhs olunub.

ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev professor Yaşar Musayevə “Fəxri Diplom” təqdim edib.

Tədbirin sonunda iştirakçılar birgə foto çəkdiriblər.

Görüşün Heydər Əliyev Lektoriyasında keçirilən hissəsində professor Yaşar Musayev və İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Xatirə kitabı”na ürək sözləri yazıblar.

Sonra filialla ümumi tanışlıq olub. Dosent Yusif Alıyev filialdakı tədris şəraiti, kitabxana fondu, auditoriyalardakı şərait, perspektivdə olan digər məsələlər barədə geniş məlumat verərək bildirib ki, 2024/2025-ci tədris ili üçün qəbulun yüz faiz həyata keçirilməsi, eləcə də çox sayda 500 baldan yuxarı bal toplayan abituriyentin Quba filialını seçməsi, həmçinin ötən il filialda ali təhsilini bitirən otuzdan yuxarı məzunun xarici ölkələr də daxil olmaqla magistr təhsili almaq üçün yüksək nəticə qazanması Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi üçün böyük sevinc və iftixardır.

Bütün xəbərlər Facebook səhifəmizdə