“COP29 təcrübəsi digər ölkələr üçün nümunədir” - ŞƏRH EDİLDİ

“COP29 kimi böyük beynəlxalq əhəmiyyətli tədbirin başa çatmasına baxmayaraq konfransın təəssüratları var, doğurduğu uğurlar və Azərbaycanın bu mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi, təşkilatçılığı uzun illər unudulmayacaq. Çünki 196 ölkənin bilavasitə təşəbbüsü ilə bu tədbirin Azərbaycanda keçirilməsi və COP29-un öz işinə başladığı dövrdən 80-dən çox ölkənin prezident, baş nazirlərinin, dünyanın tanınmış bir çox ictimai-siyasi xadimlərinin bu tədbirə qatılması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzundan, dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətindən qaynaqlanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, COP29-un yüksək səviyyədə keçirilməsini dünya ölkələrinin rəhbərləri, analtiklər qiymətləndirərək, həm də beynəlxalq aləmə bir nümunə kimi təqdim etdilər: “Bu, qazanılmış təcrübədən, beynəlxalq tədbirə münasibətdən və böyük təşkilatçılıq işlərinə diqqətdən irəli gəlir. Konfransın yüksək səviyyədə keçirilməsi, onun səmərəliliyi nəinki bu gün, gələcəyimiz üçün də faydalı və əhəmiyyətlidir.

Bir çox dövlətlər, xüsusilə Qərb, Avropa İttifaqı COP29-un keçirilməsinə maneə törətmək, konfransı “boykot” etmək üçün səy göstərsələr də, bu heç bir nəticə vermədi. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, onun dünya ölkələri ilə münasibətlərə verdiyi dəyər tədbirin keçirilməsini və konfransa əksər dövlət rəhbərlərinin gəlməsini təmin etdi.

COP29 bir çox problemlərə diqqəti cəlb etməklə əvvəlki konfranslardan fərqli olaraq mühüm qərarların qəbul olunmasını təmin etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin COP29-un açılış mərasimindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan iqlim dəyişmələrinin, müharibələrin yaratdığı problemlərin aradan qaldırılması üçün öz səylərini göstərir və bunun üçün qərarların qəbul edilməsində maraqlıdır. Konfransın yekununda “Paris sazişi”nə əsasən bir çox qərarların qəbul edilməsi COP29-un yüksək səviyyədə keçirildiyini göstərir.
Cənab Prezident öz çıxışında kiçik ada və inkişaf etməkdə olan ölkələrə dəstək göstərilməsi məsələsini vacib hesab etdi və bunun üçün müvafiq fondun fəaliyyətə başlamasının zəruriliyini qeyd etdi. Bu təşəbbüs sözügedən dövlətlərin taleyinə olan münasibətin nəticəsidir.

COP29-un keçirilməsi və burada çox mühüm qərarların qəbul edilməsi Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən siyasətinin uğurlu nəticəsidir. Azərbaycan sülhün, əmin-amanlığın və insan rifahının yüksəldilməsinin tərəfdarıdır və bu yolda özünün imkanlarını səfərbər edir. Lakin təəssüflər olsun ki, Qərb dairələri daimi olaraq COP29-un keçirilməsinə öz mənfi münasibətlərini göstərdilər. Qəbul olunan qərarların gecikdirilməsində bu özünün aydın ifadəsini tapdı. Lakin COP29-un yüksək səviyyədə keçirilməsi göstərdi ki, bir daha Azərbaycanın Prezidentinin qətiyyətini və bütün çətinlikləri dəf etməyə qadir olduğunu göstərdi. COP29 təcrübəsi digər ölkələr üçün nümunə olacaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə