“COP29 yeni maliyyə dayanıqlı qlobal iqtisadiyyata keçidi sürətləndirəcək” - ŞƏRH OLUNDU

“Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçirildi. İlk dəfə Azərbaycanda baş tutan bu tədbir nəticəyönümlülüyü baxımından digərlərindən seçildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, COP29-un hədəfi qlobal karbon qazının (CO2) səviyyələrinin 1,5 dərəcədən yuxarı məhdudlaşdırılması istiqamətində irəliləyiş əldə etmək idi: “Bu istiqamətdə müddəaların müzakirəsi və həyata keçirilməsi üçün yüksək səviyyədə danışıqlar aparıldı. Kioto Protokolu və Paris Razılaşmasında razılıq əldə edilməyən məqamlar aydınlıq gətirildi. Ən önəmlisi ilk dəfə bu platformada Azərbaycan prezidenti İlham Əliyev maliyyə mobilizasiyası təklifini irəli sürdü və müvafiq sahədə mövcud olan monopoliya meyillərinin aradan qaldırılmasına çağırışlar edildi. Maliyyə mobilizasiyası təklifi inkişaf etmiş ölkələrin inkişafda olan ölkələrə yardımlar etməsi və onların da iqlim dəyişmələrinə qarşı birgə mübarizəsinə şərait yaratmağı özündə ehtiva edir.

2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları məbləğində yardımı təmin etməsi və 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təminatı üzərində razılaşma ilk dəfə məhz ölkəmizdə qəbul olundu. Maliyyələşdirmədəki bu artım inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma səyləri ilə bağlı sürətli tədbirlər görməyə imkan verəcək. Uzunmüddətli perspektivdə yeni maliyyə hədəfi davamlı və dayanıqlı qlobal iqtisadiyyata keçidi sürətləndirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə