"İnformasiyanın idarə edilməsi müasir şəraitdə ciddi bir silaha çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

“Ümumiyyətlə, informasiyanın idarə edilməsi dezinformasiyalar və diffeyklərlə mübarizə bugün istənilən bir dövlətin siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Aydın Quliyev sözlərinə belə davam edib: “Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan da Şuşada dezinformasiyalarla mübarizə ilə bağlı ayrıca beynəlxalq konfrans keçirdi. Hətta Avropa Birliyi ölkələrində və Avropa birliyinin rəhbərliyində dezinformasiyalarla mübarizə ilə bağlı ayrıca strategiya hazırlanır. Buna görə də yalan informasiyalarla mübarizə bugün dünya dövlətlərinin demək olar ki hamısının siyasətinin mühüm istiqamətinə çevrilib. Amma məsələ burasındadır ki, bəzi ölkələrin əlində informasiyaların idarə edilməsi təkcə öz mənafelərini həyata keçirmək, öz mənafelərini müdafiə etmək üsulu deyil, eyni zamanda bu statusdan çıxaraq başqa ölkələrə təsir göstərmək, onun daxilinə nüfuz etmək, başqa ölkələrin arasında münasibətləri dəyişdirmək, başqa ölkələrin beynəlxalq miqyasda manevr imkanlarına zərər toxundurmaq məqsədi daşıyır. Bu nöqteyi-nəzərdən informasiyanın idarə edilməsi həm onun hədəfi olan ölkələr üçün çox vacibdir, həm də bu siyasəti informasiyanın idarə edilməsi siyasətilə öz mənafelərini həyata keçirmək istəyən və başqalarının mənafelərinə ziyan vurmaq istəyən ölkələr üçün maraqlı bir siyasətdir.

Nəzərə alsaq ki, dünyanın bəzi ölkələri xüsusilə də Qərbin güclü dövlətləri hələ bugün də başqa ölkələrin daxili işlərinə müdaxilə etmək, onları ikili standart siyasətinin hədəfinə çevirmək, bu ölkələrdə özlərinin imperiya və hətta Fransa kimi ölkələrin timsalında öz müstəmləkəçilik maraqlarını həyata keçirmək istəyirlər. Belə şəraitdə onların tərəfindən informasiyanın idarə edilərək həyata keçirilməsi digər ölkələr üçün olduqca böyük təhlükədir. İnformasiyanın idarə edilməsi bir müstəvidə, bir şərt daxilində ölkələrin özünümüdafiə üsuludur, başqa bir çərçivədə, başqa bir müstəvi üzərində isə iddialı, ambisiyalı, başqa ölkələrin mənafelərini ayaq altına atmaq istəyən ölkələrin əlində bir növ həm digər ölkələrə qarşı mübarizə və o ölkələri sıxışdırmaq üsuludur. Buna görə də informasiyanın özü qədər onun idarə edilməsi də müasir şəraitdə ciddi bir silaha çevrilib.

O ölkələr ağıllı siyasət aparırlar ki, onlar həm öz informasiyalarını öz dövlətlərinin mənafelərinə uyğun şəkildə hazırlanma və yayım sisteminə malik olurlar, eyni zamanda özlərini başqa dövlətlərin informasiya təcavüzündən qorumaq və sığortalamaq üsullarını, sistemlərini yaradırlar. İndiki şəraitdə feyk informasiyalarla, diffeyklərlə, dezinformasiyalarla uğurlu mübarizənin təəssüf ki hələlik bundan üstün və səmərəli formatı yoxdur. Həm öz milli informasiya istehsal sistemini təkmilləşdirməlisən, həm də başqalarının sənə qarşı informasiya təcavüzünü neytrallaşdırmaq sisteminə malik olmalısan. Üçüncü bir yol yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə