USAİD vasitəsi ilə genişləndirilən CASUS ŞƏBƏKƏSİ - TƏHLİL

Casus şəbəkəsini genişləndirməkdə maraqlı olan, bunun üçün də əldən-ayaqdan gedən USAİD barədə məlumatlıyıq və bilirik ki, bu qurumum fəaliyyətində müsbət gözlənti barədə düşünməyə belə dəyməz. Məsələ burasındadır ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yəni USAİD kimi tanıdığımız həmin qurumun Ermənistana nağd yardımı iki dəfədən çox artıracağını, daha dəqiq desək, 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını erməni mediası həvəslə vurğulayır və sevincə düşdüyünü də gizlətmir. Görünür, işğalçı ölkənin mətbuatı hələ də fərqində deyil ki, USAİD məhz Ermənistanda özünün casus şəbəkəsini genişləndirmək niyyətindədir, yardım etmək niyyətində yox. Amma haylar başa düşməlidirlər ki, bu qurum yardım adı ilə sadəcə olaraq, Ermənistanı satın alır və satın aldığı ölkədə də casus şəbəkəsini genişləndirir ki, Cənubi Qafqazda da “özünə yer edə bilsin”.

Özünü dünyanın ən böyük yardım təşkilatı kimi sırımağa çalışan USAİD alət olmaq ənənəsinə sadiq ölkələri şirnikləndirir

Xatırladaq ki, bu vaxta qədər USAİD özünü dünyanın ən böyük yardım təşkilatı kimi sırımağa çalışıb və Ermənistan kimi marionet ölkələrin bu qurumu həvəslə “qarşılamasından” belə görünür ki, alət olmağa alışqan ölkələrdə haradasa istədiyinə də nail ola bilib. Bəli, bilirik ki, USAID təqribən 27 milyard dollarlıq büdcəyə sahibdir və öz büdcəsi hesabına bir çox ehtiyac və səfalət içində olan ölkələri, ələlxüsus alət olmaq ənənəsini hələ də yaşadan Ermənistan kimi ölkələri, iyanələr almağa öyrəncəli olan erməni xalqı kimi toplumu şirnikləndirməyi bacarır. Bu qurum öz maliyyə yardımı sayəsində hansısa marionet ölkəni tez bir zamanda ələ alır və həmin ölkədə əvvəlcə casus şəbəkəsini yaradır, sonra da “bildiyini” edir. Daha dəqiq desək, öz vəsaitlərinin bir hissəsini hansısa ölkəyə yardım adı ilə ayırmaqla, əslində, yardım etmir, sadəcə olaraq, həmin ölkəni bir növ satın alır. Bəli, bu qurum külli miqdarda vəsaiti yardım adı ilə ayırır, amma xoş niyyətlə deyil, çirkin niyyətlə ayırır və ayırdığından da dəfələrlə artıq vəsait qoparacağına ümid edir. Müqayisə və aydınlıq üçün diqqətə çatdırmaq istərdik ki, təkcə 2023-2025-ci illər ərzində təşkilatın büdcəsindən guya “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğunu dəstəkləmək üçün” 9 milyard dollar ayrılıb ki, bu heç də kiçik rəqəm deyil, böyük rəqəmdir, amma ələ keçirmək istədiyi çox güman ki, budan da dəfələrlə çoxdur. Eyni zamanda, donor fondları və USAİD-in yardım mexanizmləri müxtəlif ölkələrdə “demokratik inkişafı dəstəkləmək” bəhanəsi ilə daha çox müxalifət təşkilatlarını dəstəkləmək üçün ortaya atılır, müxtəlif qrantların verilməsi yolu ilə maliyyələşdirmə həyata keçirilir və həmin ölkədə olan qüvvələr ələ alınır. Bundan sonra da elə ələ alınmış həmin qüvvələrin “əli ilə” də həmin ölkələrin daxilində süni şəkildə xaos yaradılır və beləliklə də bulanıq suda balıq tutmaq istəyən həmin o USAİD öz çirkin niyyəti üçün münbit şərait formalaşdırmağa çalışır.

Ermənistanın istifadə olunması, ələ alınması planlaşdırılır və yardım adı altında çirkin niyyətlərin həyata keçirilməsi nəzərdə tutulub

Amerikanın guya bir yardım təşkilatı kimi özünü tanıtmağa çalışan USAİD əslində, hansı ölkəyə “burnunu soxubsa” gərginliyin artırılması üçün əlindən gələni edib. Biz bununla bağlı çoxlu sayda nümunələr göstərə bilərik. Amma əsl nümunəni elə Ermənistanın timsalında göstərmək daha düzgün olar və tam yerinə də düşür. Rəsmi İrəvanda qarışıqlıq yaratmaq, Amerikanın öz istədiyi layihəni, daha dəqiq desək, qərbyönümlü Paşinyanı hakimiyyətə gətirmək üçün Ermənistanda hansı oyunlar oynadığı artıq bütün dünya ictimaiyyətinə bəllidir. Bəllidir ki, məhs ABŞ kimi bir hegemonluq iddiasında olan ölkənin maliyyə dəstəyi ilə qarışdırılan Ermənistanda hakimiyyət başına amerikalıların istədikləri gətirildi. Bunun üçün əvvəlcədən “yağlı vədlər” verildi, az qala qızıldan dağlar vəd olundu, amma hələ də vədlərin reallaşmamasından bəlli olur ki, Ermənistan ictimaiyyəti, erməni cəmiyyəti aldadıldı və istifadə olundu. Görünür indi də həmin ölkə ictimaiyyətinin, erməni cəmiyyətinin, bütövlükdə Ermənistanın istifadə olunması, ələ alınması planlaşdırılır və yardım adı altında çirkin niyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Vaşinqton artıq 2024-cü il aprelin 5-də Nikol Paşinyanın, Ursula fon der Leyenin və Antoni Blinkenin iştirakı ilə Ermənistan-Aİ-ABŞ formatında keçirilən görüşdən sonra əldə edilmiş Brüssel razılaşmalarında əksini tapan bir sıra öhdəlikləri icra etməyə başlayıb. Məhz aprelin 5-də keçirilən görüşdən sonra Ermənistan da Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması məsələsini qaldırıb. Bundan sonra da Rusiya sərhədçilərinin çıxarılması prosesi avqustun 1-də başa çatıb və elə ertəsi gün ABŞ Zəngəzurda yerləşən Ermənistana silah və hərbi personal göndərib. Göründüyü kimi, sadalanan faktlar bir sıra məqamlara aydınlıq gətirilməsi üçün yetərlidir. Faktlar əlbəttə, onu deməyə əsas verir ki, ABŞ gərginliyi artırmaqla regionda təsirini genişləndirmək üçün Ermənistandan tramplin kimi istifadə etməkdədir və ermənilər özləri də alət olmağa razıdırlar.

Məqsəd heç də sülhün, təhlükəsizliyin təmin edilməsi deyil və təxribat fəaliyyətinin məntiqi ilə tamamilə üst-üstə düşür

Əlbəttə ki, 2024-cü il iyulun 15-dən 24-dək Ermənistan Respublikası ərazisində keçirilmiş Amerika-Ermənistan “Qartal tərəfdaşı 2024” hərbi təlimləri də təsadüfi sayıla bilməz. Həmin təlimlərin keçirilməsi də bir sıra suallar doğurur. Ortaya çıxan suallardan da bəlli olur ki, sözügedən hərbi təlimlərin özü də Cənubi Qafqazda, məhz regionda geosiyasi məqsədlərə çatmağa yönəlmiş strategiyanın bir elementidir. Hər halda, ABŞ istənilən bir planı ortaya atmaqla, birbaşa olaraq, bölgəyə “burun soxmuş” olur və məqsəd heç də sülh, yaxud da təhlükəsizliyin təmin edilməsi deyil.

Belə görünür ki, USAİD tərəfindən Ermənistana ayrılan vəsaitin özü də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqazdakı təxribat fəaliyyətinin məntiqi ilə tamamilə üst-üstə düşür. Hər halda, ötən ilin oktyabrında USAİD-in Gürcüstanda baş vermiş qalmaqalla birbaşa əlaqəli olduğunu xatırlamaq qurumun niyyətini müəyyən etmək üçün bəs edir. Yəqin ki, Gürcüstanda dövlət çevrilişi təşkil etmək istəyərkən USAİD yaxalanıbsa, deməli, hansısa yardımdan, köməkdən, xoş niyyətdən söhbət belə gedə bilməz. Əgər Gürcüstanın xüsusi xidmət orqanları sentyabrın 26-dan 29-dək Tbilisidə keçirilən təlimlərin materiallarını dərc edibsə və bu agentliyin dəstəyi ilə çevriliş hazırlığını təsdiqləyibsə, deməli, hər şey göz önündədir və gün kimi aydındır.

USAİD üçün Azərbaycanın deyil, məhz Ermənistanın ələ alınması çox asan görünür deyə haylar maliyyə əsarətinə düşürlər

Xatırladaq ki, USAİD kimi tanınan qurum Azərbaycana da burun soxmağa imkan tapmışdı, amma ölkəmizdə öz çirkin niyyətini reallaşdıra bilmədi. Məhz milli birlik, həmrəylik sayəsində, xalqın və hakimiyyətin birliyi ilə ölkəmizdə bu qurumun planları puç edildi. Yardım adı altında USAİD-in cəsus şəbəkəsini gemişləndirmək niyyəti baş tutmadı. Dəfələrlə bu qurum müxtəlif cəhdlər etsə də, çirkin niyyətlərinin qarşısı zamanında alındı və USAİD-in məhz Azərbaycanda nəyə isə nail olmaq ümidləri boşa çıxdı. Bir növ ölkəmizdən əlini üzdü, çünki Azərbaycandan alət kimi istifadə etmək cəhdlərinin uğursuz olduğuna zərrə qədər də şübhə yeri qalmadı.

Görünür, USAİD üçün artıq Ermənistan, ələ alınması çox asan görünən ölkə hesab olunur. USAİD məhz Ermənistan hakimiyyətini ələ alacağına tamamilə əmindir deyə istədiyini etməkdən çəkinmir. Paşinyan hökumətinin USAİD tərəfindən aktiv maliyyə əsarətinə çevrilməsi də bu baxımdan təsadüfi sayıla bilməz. Bu məqam onu deməyə əsas verir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi məhz Cənubi Qafqazda casusluq fəaliyyətini həyata keçirmək üçün Ermənistanı ən etibarlı sığınacaq hesab edir. Ələlxüsus da, Azərbaycan və Türkiyənin maraqlarına qarşı yönələn fəaliyyət üçün Ermənistan əbəs yerə seçilməyib və ermənilərin xislətindən istifadə olunduğu dərhal özünü göstərir. Azərbaycana qarşı əsassız ittihamlar, əsassız və gülünc şəkildə “Qarabağ ermənilərinin hüquqlarını qorumaq” bəhanəsinin özü belə Ermənistanda vətəndaş cəmiyyətinin şüurunu manipulyasiya etməkdən başqa bir şey deyil və bunu hər kəs çox yaxşı bilir. Hər kəs çox yaxşı bilir ki, USAİD-in fəaliyyəti Ermənistan-Azərbaycan arasında nəzərdə tutulan nizamlanmaya, danışıqlara, ələlxüsus sülh gündəliyinə zərbə vurmağa yönəlib. Amerikalılar hamını inandırmağa çalışırlar ki, onların İrəvana doğru addımları müstəsna olaraq Ermənistanın təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını gücləndirmək məqsədi daşıyır. Amma 30 il ərzində Azərbaycanın əraziləri işğal altında olduğu bir vaxtda ABŞ Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını heç xatırlamadı da. Sərhədlərin toxunulmazlığı əsrin üçdə birinə yaxın müddət ərzində bir dəfə də olsa amerikalıların heç yadına da düşmədi. Sözsüz ki, belə ikili standartların fonunda hansısa ali dəyərlərdən danışmaq belə yersizdir və görünən odur ki, USAİD kimi tanınan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi regionda ancaq cəsus şəbəkəsi yaratmaq, həmin şəbəkəni genişləndirmək niyyəti güdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə